11 İyun 2014 11:20
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayaz Orucov: “Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycanın tarixi kimi dəyərləndirilir“

Milli Məclisin deputatı Ayaz Orucov Qurtuluş Günü haqda danışıb. Bu günün əhəmiyyətinə toxunan deputat bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı durum hər kəsin yaddaşındadır.
Onun sözlərinə görə, həmin dövrdə ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, iqtisadi böhran yaşanırdı:

“Silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin biri-birinin ardınca işğalına səbəb olurdu. Belə çətin məqamda Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, doğrudan da, xalqımızın ən ağır problemlərdən, çətinliklərdən, faciələrdən qurtuluşu oldu. 1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması da həmin dövrün səciyyəvi xüsusiyyətlərini, eyni zamanda həmin tarixdən başlanan qurtuluşu özündə əks etdirir. Artıq həmin tarixdən bizi 21 illik zaman fasiləsi ayırır. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək baxımından yaddaşdır. Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqillik yolunda ilk adımını atan Azərbaycanın gələcəyini düzgün müəyyənləşdirən yolu seçdi, dövlətçilik konsepsiyasını hazırladı. Heydər Əliyevin xalqın xilaskarı kimi təqdim olunması da onun hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan dövlətinin, xalqının yaşadığı ağır durumdan xilas olmasından qaynaqlanır. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik, əmin-amanlıq yarandı, əhalini gərgin durumda saxlayan qanunsuzluq, zorakılıq halları ilə mübarizə insanlarda hakimiyyətə, ilk növbədə isə xilaskarlıq missiyasını öhdəsinə götürmüş ulu öndər Heydər Əliyevə inamı və məhəbbəti artırdı“.

Deputat daha sonra əlavə edib ki, Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində əldə olunan uğurlar bir-birini əvəzlədi: “Dövlət müstəqilliyimizi möhkəmləndirmək, xarici dövlətlərlə iqtisadi-siyasi münasibətləri yeni müstəvidə inkişaf etdirmək, Ermənistan-Azərbaycan döyüş bölgəsində atəşkəsə nail olmaq, güclü ordu yaratmaq üçün imkanları artırmaq qarşıda dayanan əsas vəzifələr idi ki, bu istiqamətlərdə biri-birindən əhəmiyyətli addımlar atıldı. 1994-cü ilin mayında atəşkəs əldə olundu, həmin ilin sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi“ kimi daxil olan neft sazişi imzalandı. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artması fonunda yeni-yeni layihələr gündəmə gətirildi, Azərbaycan bu layihələrin əsas iştirakçısına və təşəbbüsçüsünə çevrildi.

“Əsrin müqaviləsi“nin əsas tərkib hissəsi olan BTC neft kəmərinin marşurutu ətrafında aparılan müzakirələrə, Azərbaycan dövlətinə bununla bağlı təzyiqlərin göstərilməsinə baxmayaraq, Heydər Əliyev qətiyyət nümayiş etdirərək, BTC marşurutunun seçildiyini bildirdi, bununla da Azərbaycan öz siyasətində müstəqil olduğunu, heç bir ölkənin diaktəsi ilə oturub-durmadığını dünyaya nümayiş etdirdi. Qeyd edək ki, Azərbaycanın bugünkü uğurlarını şərtləndirən əsas amillərdən biri məhz dövlətimizin siyasətində müstəqil olmasıdır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, iqtisadi siyasətində müstəqil olan dövlət müstəqil siyasət həyata keçirə bilər. Daxili siyasətin uğurları Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna da, öz təsirini göstərdi. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Müstəqilliyimizin ilk illərində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası ulu öndərin uğurlu daxili və xarici siyasəti nəticəsində yaraddı, erməni yalanları ifşa olundu, dünya əsil həqiqətin mahiyyətini öyrənməyə səy göstərdi“.

A.Orucovun zənnincə, Azərbaycanın bugünkü uğurlarından bəhs edərkən Yeni Azərbaycan Partiyasının da keçdiyi inkişaf yoluna nəzər salmaq zərurəti duyulur: “Çünki Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycanın tarixi kimi dəyərləndirilir. Dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını dövlətə, xalqa xidmət prinsipi təşkil edir. Məhz bu xəttə sadiqlik partiyaya xalqın sevgisini günbəgün artırır. Bu gün sıralarında 600 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, qələbələr partiyası olduğunu ölkədə keçirilən seçki proseslərində uğur qazanmaqla bir daha təsdiqləyir. Partiyanın gələcəyinə inam böyükdür“.

CAVİDAN


Müəllif: