“Bəzi kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbulla bağlı guya hansısa yaş senzinin tətbiq edilməsinə dair informasiyalar yayılır, məqsədli şəkildə partiyanın demokratik dəyərlərinə kölgə salan təbliğat aparılır”.
Teleqraf.com-un məlumatına görə, bu fikirlər YAP mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası qəti şəkildə bildirir ki, partiyaya qəbul onun Nizamnaməsində müəyyən olunmuş prinsiplərə uyğun şəkildə həyata keçirilir və 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının partiyaya qəbul olunmaq haqqı təsbit olunur: “Yeni Azərbaycan Partiyasının sıralarında bu gün bütün nəsillərin nümayəndələri fəaliyyət göstərir, bütün yaş təbəqələri təmsil olunur. Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafına misilsiz töhvələr vermiş yaşlı nəslin nümayəndələrinin partiyanın yaranmasında, möhkəmlənməsində, siyasi və ictimai nüfuzunun artmasında xidmətlərini daim yüksək qiymətləndirmiş və bu gün də qiymətləndirir. Xüsusi qürur hissi ilə qeyd etmək yerinə düşər ki, Yeni Azərbaycan Partiyasının sıralarında yaşlı və gənc nəsillərin nümayəndələrinin qarşılıqlı faydalı əməkdaşlığı siyasi proseslərdə nəsillərin varisliliyi prinsipinin təcəssümünə ən yaxşı misaldır. Biz eyni zamanda onu da məmnunluqla vurğulayırıq ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan, enerjisini çiçəklənən sabahımız uğrunda sərf edən gəncliyinYeni Azərbaycan Partiyasının sıralarında geniş təmsil olunması partiyamızın böyük gələcəyindən xəbər verir”.
Məlumatda qeyd edilib ki, Yeni Azərbaycan Partiyasını ölkəmizin bütün təbəqələrinin, nəsillərinin, demoqrafik qruplarının nümayəndələrindən ayrı təsəvvür etmək mümkün deyil: “Azərbaycançılıq və milli birlik ideyalarını real həyatda təcəssüm etdirən Yeni Azərbaycan Partiyasının gücünü və qüdrətini təmin edən mənbələrdən biri məhz bundan ibarətdir”.
BƏXTİYAR