1 Mart 2016 11:43
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arzu Nağıyev: "Madrid prinsipləri çərçivəsində torpaqlar qeyd-şərtsiz azad edilməlidir"

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvonun dözülməz olduğunu deyib. O, ötən il boyunca təmas xəttində, eləcə də Ermənistan və Azərbaycan arasında beynəlxalq cəhətdən tanınmış sərhəd boyunca zorakılıq hallarının artmasının müşahidə olunduğunu xatırladıb: "Ağır silahlardan istifadə olunub, dinc əhali hədəfə alınıb. Münaqişənin beynəlxalq hüquqa əsaslanan siyasi həlli həmişəkindən daha vacibdir. Bizim ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinə dəstəyimiz davamlıdır. Avropa İttifaqı danışıqlar prosesində əldə olunan istənilən irəliləyişi dəstəkləyəcək. Təhlükəsizliklə bağlı vəziyyəti stabilləşdirmək üçün edilən istənilən səylər, o cümlədən insidentlərin qarşısını almaq mexanizmi Avropa İttifaqı tərəfindən tam dəstəklənəcək. Bu məsələ ilə bağlı müsbət addımların atılması halında biz növbəti dəstək məsələsini də nəzərdən keçirməyə hazırıq. Müharibə başladıqdan sonra son 20 il ərzində sizin liderlərin cəsarət nümayiş etdirmək və sülh yolu ilə həll istiqamətində addım atmalarının vaxtı çatıb. Biz bu istiqamətdə irəliləyiş əldə etmək üçün əlimizdən gələni etməyə hazırıq".

Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev bildirib ki, Dağlıq Qarabağla bağlı status-kvonun dəyişdirilməsinə yönəlik fikirlərin əsas səbəbi Avropa institutlarının nüfuzdan düşməsi qorxusudur. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrləri demək olar ki, münaqişənin həllində heç nə edə bilmədilər: "Atəşkəs daima pozulur, hər iki tərəfdən itkilər verilir. Qarşıya qoyulan məqsədə çatmadıqca nüfuz məsələsi öz rolunu oynayır. ATƏT-in və Avropa İttifaqının konkret qərarsızlığı nəticəsində ancaq ermənilərə və onların havadarlarına lazım, o cümlədən xeyrinə olan status-kvo dəyişmir. Bu isə regionda Avropa üçün də önəmli olan meqalayihələrin həllini gecikdirir. Yəqin, bunlara cavabdeh olan məmurlardan birinin də Federika Mogerini olması onu narahat edir".

Politoloq bildirib ki, ən önəmlisi və maraqlısı odur ki, istər BMT, istərsə də Avropa Birliyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını dəfələrlə qeyd edir: "Lakin ermənilər tərəfindən işğal edilən ərazilərin qaytarılmasının vacibliyini və ərazi bütövlüyünün bərpasının vacibliyindən danışmırlar. Məsələn, erməni lobbisinin güclü olduğu Fransanın laqeydliyi və ermənipərəst rəhbərliyinin qeyri-obyektiv mövqeyini göstərmək olar. Buna baxmayaraq, böyük çətinliklə olsa da, bir sıra qələbələrimiz var, istər Sərsəng su anbarı ilə bağlı, istərsə də digər məsələlərdə ermənilərin işğalçı olmaları göstərilir".
A.Nağıyev əlavə edib ki, hazırki vəziyyətdə münaqişənin həllinin bir neçə yolu var və dəfələrlə bu haqda danışılır: "Madrid prinsipləri çərçivəsində zəbt edilən torpaqlar qeyd-şərtsiz azad edilməlidir. Bu, ən vacib məsələdir. Bunu ermənilər siyasi və diplomatik yolla və Rusiyanın dəstəyi ilə etmirlər və bütün beynəlxalq normaları pozurlar. Deməli, qalır hərbi-siyasi yol. Yəni ermənilərə və onların havadarlarına güc nümayiş etdirməklə onları danışıqlar masasına əyləşdirmək lazımdır. Bu isə hərbi hazırlıqlar deməkdir və Rusiyanın Ermənistan ərazisindəki bazalara silah gətirməsini və ya kredit adı ilə ermənilərə silah verməsini də nəzərə almaq gərəkdir".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər