31 Mart 2016 12:40
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Demokratlar Partiyasının Ali Məclisinin sədri Tapdıq Abbasın Müsavat Partiyasının Beyləqan rayon təşkilatından 150 nəfərin onların tərəfinə keçməsini iddia etməsi Müsavat rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb.

Müsavatın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı Teleqraf.com-a açıqlamasında bildirib ki, 150 nəfər Müsavat üzvünün istefa verib Azad Demokratlar Partiyasının getməsi barədə deyilənlər yalandır: “Tapdıq Abbas nə qədər ki, Müsavat Partiyasının üzvü idi, onun nüfuzu vardı. Ona Müsavat üzvü olduğuna görə Beyləqanda hörmət edirdilər. Hazırda Müsavat Partiyasının Beyləqan rayon təşkilatı çox güclüdür. Beyləqan rayonunun Mərkəzi Xəstəxanasının tanınmış həkimi Nəcəf Qaraşlı uzun müddətdir rayon təşkilatına rəhbərlik edir. Çox uğurlu sədrdir, rayon təşkilatının inkişafı üçün kifayət qədər səy göstərib. Hazırda həmin rayon təşkilatında yüzlərlə üzv var. 70-dən çox kəndi əhatə edən özəklər mövcuddur. Tapdıq Abbasın fikirləri qərəzlidir və böhtan xarakteri daşıyır”.

Onun sözlərinə görə, indiyədək Beyləqan rayon təşkilatından rəsmi şəkildə 4-5 nəfər partiyaya istefa ərizəsi verib: “Qalan bütün müsavatçılar fəaliyyətini davam etdirir. Rayon təşkilatının bütün strukturları, özəyi, şurası və müavinlik institutu tam qaydasındadır”.

Qeyd edək ki, Tapdıq Abbas Müsavat Partiyasının Beyləqan rayonunda təşkilatının olmadığını söyləyib: “Vaxtilə Müsavat Partiyasında Beyləqan rayon təşkilatında sədr olmuşam. Bəyanat verib partiyadan uzaqlaşdıq. Hazırda həmin təşkilatdan 150 nəfərdən çox keçmiş müsavatçı bizim partiyaya üzv qəbul olunub. Bir rayon təşkilatı öz fəaliyyətini dayandırdı və böyük əksəriyyət Azad Demokratlar Partiyasına qoşuldu. Müsavatı Beyləqanda təmsil edən şəxs Xocavənddən qaçqın adamdır. Beyləqan rayon təşkilatında yerli adam təşkilat sədri deyil. Bu, o deməkdir ki, rayonda müsavatçılar Müsavatdan üz döndəriblər. Qurultayda saxta yolla başqan seçildi və buna görə də hamı kütləvi şəkildə partiyadan imtina elədi”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər