14 Aprel 2016 20:38
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənə elə gəlir ki, Ermənistan xarici işlər nazirinin hazırda danışıqlar masasında müzakirə olunan sənədin Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2011-ci ildə Kazanda keçirilən görüşündə irəli sürülmüş təkliflər əsasında aparıldığını deməsi diqqəti yayındırmaq məqsədi daşıyır. Bəli, bu bizim əsas tələbimizdir ki, ilkin şərt olmadan Qarabağ ətrafındakı ən azı 5 rayon boşaldılmalıdır. Amma vacib məqam ondan ibarətdir ki, bununla bağlı ilkin şərt irəli sürülməsin. Çünki ermənilərin ilkin şərt tələbi hələ də gündəmdədir. Onlar Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirəcək mexanizmin nədən ibarət olacağını bilmək istəyirlər. Mexanizm də referendumdur ki, biz bununla razılaşa bilmərik”.

Bunu Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. E.Şahinoğlu qeyd edib ki, bizim üçün əsas olan Qarabağ ətrafındakı rayonların boşaldılması, qaçqınların geri dönməsidir: “Sonrakı mərhələdə kommunikasiya xətlərinin açıla bilər və qaçqınlar Şuşaya və Dağlıq Qarabağın kəndlərinə qayıtdıqdan sonra statusla bağlı danışıqlar başlaya bilər. İndi biz bilmirik ki, Ermənistan tərəfi 5 və ya 6 rayonun azad olunması qarşılığında yenə də öz tələblərində qalırlar, ya yox. Nalbandyan bu barədə öz tələblərində heç nə demir”.

E.Şahinoğlu qeyd edib ki, vaxtilə Yerevanın özü Kazan prinsiplərindən imtina etmişdi: “Bu günlərdə Sergey Lavrov Bakıya gəldi. Yenə də düşünmək olardı ki, Rusiya bu məsələnin həllini bir qədər sürətləndirəcək. Amma Lavrov elə bir məqama toxundu ki, o məqam bizim maraqlarımıza cavab vermir. Lavrov dedi ki, 7 rayonun boşaldılması Dağlıq Qarabağın statusunun həlli ilə paraleldir. Halbuki, bu iki məsələ paralel şəkildə götürülə bilməz. Status məsələsini həlli sonrakı mərhələdə ola bilər. Ona görə də düşünürəm ki, Nalbandyanın indi ortaya atdığı məsələ ola bilsin ki, diqqəti yayındırmaq və danışıqları bir qədər də uzatmaq məqsədi daşıyır”.

Qeyd edək ki, Azərbaycan tərəfi danışıqlar prosesində müzakirə olunan sənədin 2008-ci ildə Madriddə təklif olunan prinsiplərdən ibarət olduğunu bildirib. İndi isə qarşı tərəfdən belə bir fikrin səsləndirilməsi çaşqınlıq yaradır. E.Şahinoğlu isə deyir ki, elə də böyük çaşqınlıq yaranmayıb: “Əgər biz bütün sənədləri götürsək, görərik ki, həmin sənədlər bir-birinə çox oxşardır. Müxtəlif sənədlərdə iki prinsipial fərq var. Bir qrup sənəddə proses mərhələ-mərhələ gedir, yəni ilk olaraq işğal olunmuş ərazilər boşaldılır, qaçqınlar qayıdır, kommunikasiya xətləri bərpa olunur, sonra isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üzrə müzakirələr başlayır, ikinci qrup sənədlərdə isə bunların hamısının həlli eyni zamanda vacib tutulur. Biz birinci qrup sənədləri dəstəkləyirik, ikinciləri isə yox. Kazanda müzakirəyə təqdim olunmuş sənədin də Madrid prinsiplərindən əslində elə bir ciddi fərqi yoxdur. Çünki hər iki sənəd özündə mərhələli həll planını ehtiva edir. Sadəcə, bütün bu sənədlərdə ən qorxulu məqam referendumun tarixinin göstərilməsi ola bilər. Biz buna gedə bilmərik. Bəli, biz Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə dair müzakirələrə hazırıq, bundan qaçmırıq, amma müzakirələr azərbaycanlılar qayıtdıqdan sonra aparılır və bu statusun sonun nə olacağı dəqiq deyilmir. Ona görə də bu sənədlərin çoxu bir-birinə oxşasa da, belə bir prinsipial məsələ var ki, biz bu məsələdə son dərəcə diqqətli olmalıyıq”.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların mahiyyətini açıqlayıb. Onun sözlərinə görə, hazırda müzakirə olunan sənəd 2011-ci ildə Kazanda irəli sürülmüş təkliflərdir.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər