Aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi xəbəri yayılıb.
Bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında baş tutacaq. Tədbirdə bir sıra dövlət və hökumət başçılarının iştirakı nəzərdə tutulub.
Lakin diqqət çəkən məqam tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanını iştirakıdır.
Son iki ayda Ərdoğanın iki dəfə Azərbaycana səfər planlaşdırılıb, lakin hər iki səfər qardaş ölkədə baş verən terror aktları səbəbindən təxirə salınıb. İndi daha çox Türkiyə prezidentinin üçüncü səfərinin baş tutub-tutmayacağı diqqət çəkir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-a açıqlamasında qeyd edib ki, prezident Ərdoğanın Bakıya rəsmi səfəri iki dəfə təxirə salınıb və buna səbəb baş verən terror hadisələri olub: "Allah göstərməsin ki, bu səfər zamanı üçüncü dəfə terror aktı baş versin.
Əgər bu dəfə də terror baş versə, bu, o anlama gələr ki, terrorçuların əsas məqsədi Ərdoğanın Azərbaycana səfərinin qarşısını almaqdır. Düşünürəm ki, bu dəfə terror aktı baş verməyəcək. Onsuz da terrorçular Türkiyə-Azərbaycan yaxınlaşmasına və münasibətlərinə heç bir halda təsir göstərə bilmirlər. Son 2-3 ayda hər iki ölkənin prezidentləri bir neçə dəfə görüşərək fikir mübadiləsi aparıblar. Bu baxımdan düşünürəm ki, Ərdoğanın Bakı səfəri baş tutacaq”.
Politoloq deyib ki, Ərdoğanın Bakıda müzakirə edəcəyi məsələlər də prinsipcə bəllidir. Onun sözlərinə görə, hazırda daha çox iki ölkə arasında ticarət dövriyyəsinin artması, nəqliyyat layihələrinin tamamlanması, TAP və TANAP proyekti müzakirə edilə bilər: “Həmçinin, bu ilin sonunda Bakı-Tiflis-Qars dəmir yolu layihəsi başa çatdırılmalıdır. Bu mövzular ətrafında fikir mübadiləsi aparıla bilər. Sözsüz ki, cəbhə bölgəsində baş verən proses, indiki vəziyyət barədə də fikir mübadiləsi aparılacaq.
Ümumiyyətlə, cəbhədə baş verən atışmalar zamanı biz ən böyük dəstəyi Türkiyədən gördük. Onsuz da mütəmadi olaraq prezidentlər görüşür və müzakirələr aparır. Amma bu məsələlərin daima diqqət mərkəzində saxlanılmasına ehtiyac var. Düşünürəm ki, Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gəliş-gedişi məsələsi də öz həllini tapmalıdır. Bu, bizim ölkəmizə turizm baxımından xeyirdir”.
Nemət