25 Aprel 2016 16:06
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəzail İbrahimli: “Forumun keçirilməsi üçün Azərbaycanın seçilməsi ölkəmizin imici ilə bilavasitə bağlıdır”

Azərbaycan paytaxtı növbəti dəfə nüfuzlu bir tədbirə ev sahibliyi edir. Söhbət BMT-nin “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında aprelin 25-27-də Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumundan gedir.

Qeyd edək ki, forumda dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nazirlər, nüfuzlu beynəlxalq qurumların, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamları və digər şəxslər də daxil olmaqla 3000 nəfərdən çox adamın iştirakı nəzərdə tutulub.

Forum çərçivəsində Bakı Konqres Mərkəzi və Heydər Əliyev Sarayına 40-dan çox tədbirin – açılış mərasimi və plenar iclasın, panel toplantılarının, sessiyaların, yüksək səviyyəli iclasların, BMT Sivilizasiyalar Alyansının Gənclər tədbirinin, biznes simpoziumun, və s. keçirilməsi planlaşdırılıb.

Forumda ekstremizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman, gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlər müzakirə ediləcək.

Forumun əhəmiyyətinin nədən ibarət olmasının dair fikirlərini Teleqraf.com-un əməkdaşı ilə bölüşən Milli Məclisin deputatı, tarixçi-professor Fəzail İbrahimli bu forumun Azərbaycanda keçirilən böyük silsilə tədbirlər seriyasından olduğunu vurğulayıb.

O qeyd edib ki, əvvəla Forumun keçirilməsi üçün Azərbaycanın bir məkan kimi seçilməsi ölkəmizin beynəlxalq aləmdəki imici ilə bilavasitə bağlıdır.

F.İbrahimli qeyd edib ki, böyük forumların hansısa ölkədə düzənlənməsi gündəmə gələn zaman bir neçə amil nəzərdən keçirilir: “Birinci amil sözügedən ölkənin belə bir forumun keçirilməsinə layiq olub-olmaması məsələsdir. Yəni, “x” ölkədə forum keçirilərsə, bu forumun keçirilməsi təşkilati cəhətdən nə qədər müsbət, uğurlu sonluqla başa çata bilər?! Forumun keçirildiyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı tədbirin gündəliyində özünə yer tapmış məsələlərə nə qədər uyğundur?!

Nəhayət, bu forumun keçirilməsində ən önəmli cəhətlərdən biri də təşkilatçı ölkənin siyasi cəhətdən sabit, iqtisadi cəhətdən güclü ölkə olmasıdır. Aydındır ki, kasıb adamın qonaq qəbul etməyə gücü çatmır. Bax, sadaladığım cəhətlər forumun BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsini şərtləndirən amillərdir”.

F.İbrahimli qeyd edib ki, Azərbaycana çoxsaylı qonaqlar təşrif buyuracaq ki, onların ölkəmizlə bağlı təəssüratları sonradan mühüm dividendə çevriləcək: “Dünya ictimaiyyətinin nəzər-diqqəti yenidən Azərbaycana yönəlib. Azərbaycan bu dəfə daha rahat, daha arxayın, daha müsbət enerji ilə qonaqların qarşısına çıxa bilir. Çünki Azərbaycanın son ay ərzində hərbi sahədə qazandığı uğurların dünya ictimaiyyəti tərəfindən görünməsi, öz torpaqlarını işğaldan azad etmək qüdrətinə malik olması ölkəmiz üçün çox önəmli məsələlərdir”.

Deputat qeyd edib ki, Forumda iştirak edən qonaqların Azərbaycanın tarixi yerlərinə, Quba məzarlığına səfərlərinin təşkili ölkəmizin haqq işinin daha geniş auditoriyaya çatdırılmasında rol oynayacaq: “Azərbaycan bu gün dünyadan gələn çoxsaylı qonaqları qəbul etmək iqtidarındadırsa, bu, müstəqilliyin ən böyük göstəricisidir. Dünya ictimaiyyətinin nəzər-diqqətini ölkəmizə cəlb etmək, Azərbaycanın haqq işini, mədəniyyətini, tarixini, adət-ənənələrini dünyaya çatdırmaq, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun nümunəsi nöqteyi-nəzərindən bu forum mühüm bir fürsətdir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər