28 Aprel 2016 14:32
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda AXCP rəhbərliyində təmsil olunmuram, sıravi cəbhəçi olaraq partiya üzvlüyündə qalıram. İndi fəaliyyətim daha çox şəxsi xarakter daşıyır. Şəkidə kiçik kənd təsərrüfatı müəssisəsi yaradıram. Siyasi fəaliyyətim isə ancaq AXCP daxilində və ölkədə baş verən siyasi prosesləri izləmək, öz üzərimdə çalışmaq, kitablar oxumaq və 2018-ci ildə keçiriləcək AXCP-nin növbəti qurultayına hazırlaşmaqdır”.

Bunu Teleqraf.com-a AXCP sədrliyinə iddialı olan Sahib Kərimli bildirib.

Qeyd edək ki, Sahib Kərimli AXCP-nin son qurultayında namizədliyini irəli sürsə də, sonradan namizədliyini geri götürüb və elan edib ki, partiyanın sədri Əli Kərimliyə daha 5 il şans tanıyır.

O, elan edib ki, 2018-ci ildə namizədliyini irəli sürəcək və heç kəsə güzəştə getməyəcək.

Sədrliyə iddialı olduğunu bir daha xatırladan Sahib Kərimli bildirib ki, vəziyyəti müşahidə edib hazırlaşmağı 2018-ci ildə keçiriləcək AXCP qurultayı ilə birbaşa əlaqəlidir:

“Hazırda mənim cəbhəçilərlə münasibətim normal səviyyədədir. Görüşürük, danışıqlar aparırıq. Onlar mənim tənqidimə normal yanaşırlar. Qurultayda bəyan etdiyim kimi növbəti prezident seçkilərinə qədər AXCP sədri Əli Kərimli haqda heç bir fikir səsləndirməyəcəyəm. İndi öz üzərimdə işləyirəm. Eyni zamanda regional layihə planlaşdırıram-kölgə deputatı layihəsi. Bu, Şəkidə həyata keçiriləcək. Digər bir sıra işlərim də olacaq”.
S.Kərimli əlavə edib ki, hazırda AXCP rəhbərliyində təmsil olunan şəxslərlə münasibətləri normaldır: “Görüşəndə salamlaşırıq. Rəhbərliyə daxil olan şəxslərlə görüşürəm”.

Bununla belə Sahib Kərimli deyib ki, qurultaydan keçən dövr ərzində AXCP sədri Əli Kərimli ilə xüsusi görüşüb müzakirələr aparmayıb: “Yalnız bir dəfə ayaqüstü görüşmüşük. Bu, Xocalı abidəsini ziyarət zamanı olub. İndi daha çox Şəkidə oluram, ancaq mütəmadi olaraq Bakıya gəlib-gedirəm. Təbii ki, partiyanın rayon şöbəsində Məclis üzvü və digər orqanlara seçkilər olur. Ancaq mən bu zaman namizədliyimi irəli sürmək haqqında düşünmürəm”.

Cavad


Müəllif: