“Azərbaycan həmsədrlərlə təmasları dayandırmayıb və sülh danışıqlarından çıxmayıb”.
Teleqraf.com-un məlumatına görə, bunu bu gün XİN-də keçirilən mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir qeyd edib ki, mayın ortalarında Avropa ölkələrindən birinin paytaxtında həmsədrlərlə görüş keçiriləcək.
Nazir Ermənistanın məntiqini anlamaqda çətinlik çəkdiklərini vurğulayıb: “Adam doğrudan da, qarşı tərəfi anlamaqda çətinlik çəkir. Bir gün Ermənistan prezidenti bildirir ki, onlar danışıqlardan çıxırlar. Səhəri gün mənim həmkarım deyir ki, onlar danışıqlardan çıxmayıb və üç şərtləri var. Şərtlə məsələni həll etmək mümkün deyil. Bu gün Ermənistanda böyük müzakirələr gedir. Artıq hamı üçün Azərbaycanın mövqeyi bəllidir. Status-kvo qəbuledilməzdir. Bunu saxlamaqla nə böyük danışıqlara, nə də sülhə nail olmaq olar. Şərt irəli sürmək, danışıqları yenə də 20-25 il uzatmağa çalışmaq çox sadəlövh yanaşmadır. Avropa İttifaqı rəhbərliyi də bildirir ki, məsələ artıq öz yerindən tərpənməlidir. Ən böyük təhlükə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında mövcudluğudur. Bu, sülh prosesini öldürməkdir. Kimsə başqa cür fikirləşirsə, təkrar edirəm bu, çox sadəlövh yanaşmadır”.
Nazir danışıqların Ermənistanın sülh prosesini böyük zərbə altına qoyduğunu bildirib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu məsələyə toxunmuşdu ki, biz böyük təhlükəsizlik problemləri ilə üz-üzəyik.
Atəşkəsin pozulmaması üçün anlaşma var idi. Azərbaycan birmənalı olaraq bildirdi ki, Ermənistanın hərəkətləri 1994-cü il razılaşmasını sual altında qoyur. Bildiyiniz kimi, atəşkəsin yeni mərhələsi Moskvada razılaşdırılıb. Biz də istəyirik ki, müharibə olmasın Azərbaycan sülh danışıqlarına razıdır. Amma hansısa razılaşma olsa, bu substantiv, konkret olmalıdır”.
Səxavət