Sevinc Fətəliyeva: “Forum Azərbaycanı layiqincə tanıtmaq baxımından da önəmlidir”
“Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, “Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də inkişafın, sabitliyin şahidi olurlar. Təbii ki, bu amillər ölkəmiz haqqında təsəvvürlər yaradır. Onun sözlərinə görə, bu, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib rol oynayır.
BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizdə keçirilməsinin önəmini qeyd edən S.Fətəliyeva deyib ki, bu mötəbər tədbirdə ayrı-ayrı ölkələrin dövlət adamları, ictimai və elm xadimləri, müxtəlif təbəqələrin çoxsaylı nümayəndələri iştirak edir: “Təbii ki, bu amil ölkəmizə böyük dividendlər gətirir. Nəzərə alsaq ki, forumun iştirakçıları beynəlxalq aləmdə və öz ölkələrində tanınan nüfuzlu şəxslərdir, onda bu tədbir Azərbaycanı layiqincə tanıtmaq baxımından da önəmlidir.
Bu tədbir vasitəsilə dünya ictimaiyyəti bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın inkişafının, uğurlarının şahidi oldular. Eyni zamanda, ölkəmizdəki tolerant mühitin müsbət nəticələri, müxtəlif xalqların mehriban şəraitdə birgə yaşayışı bir nümunə olaraq dünya ölkələrinin diqqətini cəlb edəcək”.
Səxavət