Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu AXCP-Müsavat münasibətlərində yaranan “soyuqluğu” aradan qaldırmaq üçün təşəbbüslərinə davam edir.
Ötən həftə onun təklifi əsasında AXCP və Müsavat funksionerləri bir araya gələrək müzakirələr aparıblar.
Tofiq Yaqublu Teleqraf.com-a deyib ki, həm Müsavatda, həm də Cəbhədə hamı dərk edir ki, biz bir yerdə olmalı, birgə mübarizə aparmalı, qüvvə və səylər birləşdirilməlidir:
“Burada söhbət iki partiyanın mexaniki birləşdirilməsi və ya bir blokda təmsil olunmasından getmir. Əlbəttə, gələcəkdə bunlar istisna edilmir. Ancaq indilikdə məsələnin vacibliyi ondadır ki, biz səylərimizi birləşdirməli, səmərəli fəaliyyət göstərməliyik. Bunun üçün də təmaslar başlayıb. Çox dərinə getmədən müzakirələr, fikir mübadiləsi aparırıq. Mənə elə gəlir ki, bu proses daha da dərinləşəcək. Amma indidən daha dərinə gedən məsələlərlə bağlı söz deməyə ehtiyac yoxdur”.
T.Yaqublu əlavə edib ki, indiyə qədər iki dəfə və daha geniş heyətlə çay süfrəsi arxasında oturublar: “Geniş müzakirələr aparmağımız, habelə bu görüşlərdən dost və səmimiyyətlə ayrılmağımız tərəflərdə müəyyən inam yaradıb. Yəni hər iki tərəf müxalifət düşərgəsi daxilində qarşıdurmalara, qarşılıqlı ittihamlara son qoyulmasının vacibliyini dərk edir. Hazırda proses gedir, sonda hara gəlib çıxacağı, bunun nəticələrinin nədən ibarət olacağını indidən demək olmaz. Amma ümidlərimiz var ki, doğrudan da, biz yaxşı yerlərə gəlib çıxa bilərik”.
ADR Hərəkatının üzvü, İsa Qəmbərin sabiq müşaviri, Müsavatın sonuncu qurultayından sonra partiyadan çıxarılan Səxavət Əlisoy isə bu iki partiyanın yenidən müttəfiqlik etmək imkanlarını özünəməxsus formada şərh edib: “AXCP ilə Müsavat birləşə bilərmi? Dostum, Tofiq Yaqublu, nə qədər ki, təkəbbür var, birləşmə mümkün deyil. Nə qədər ki, özünü Lenin, Hitler sayanlar və kiçik olduğunu qanmayanlar var, birləşmə yox, ayrılma olacaq”.
Sabiq müsavatçı İsmayıl Kəsəmənli isə Feysbukda yazıb ki, “batmaqda” olan Arif Hacılı xilas olmaq üçün AXCP-yə yalvarır: “Əli Kərimli müxalifətin başına açılan bu boyda hoqqalardan sonra gedib onunla birləşsə, Azərbaycan xalqına və müxalifətinə ən böyük pisliyi etmiş olar”.
Cavad