11 May 2016 15:39
2 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi mövqeyini hər ötən gün bir qədər də sərtləşdirir.

Teleqraf.com xatırladır ki, əgər aprelin ilk günlərində ölkənin prezidenti Serj Sərkisyan ATƏT ölkələrinin İrəvanda akkreditə olunmuş səfirləri ilə keçirdiyi görüşdə güzəştlərdən danışırdısa, indi bunun tam əksi müşahidə olunur. Həmin vaxt Sərkisyan demişdi: “Ermənistan hərbi əməliyyatların dayandırılmasının və bütün hərbi birləşmələrin 1 aprel 2016-cı il tarixindəki sərhədlərinə geri çəkilməsinin tərəfdarıdır”.

Bundan sonra – aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında atəşkəs haqqında razılaşma əldə edildi. Ancaq az sonra S.Sərkisyan indiki şərtlərlə danışıqlar prosesində iştirak etməyin mənasız olduğunu bəyan etdi. Aprelin ilk günlərində aldığı zərbələrdən özünə gəlmək üçün vaxt qazanan işğalçı ordu aprelin 27-dən 28-nə keçən Tərtər şəhərini və kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından güclü atəşə tutdu.

“Heç kim güzəştlər barədə danışmır”

İndi isə Ermənistan tərəfi daha kəskin mövqe sərgiləyir, güzəştləri ümumiyyətlə rədd edir. Məsələn, qondarma rejimin “müdafiə naziri”, general-leytenant Levon Mnasakanyan jurnalistlərə açıqlamasında bu gün Ermənistan tərəfdə heç kimin güzəştlərdən danışmadığını bildirib: “Güzəşt yoxdur, heç kim güzəşt barədə danışmır, şəxsən mən bu barədə heç nə eşitməmişəm”.

L.Mnasakanyan həmçinin, silah təchizatı məsələsində problemləri olmadığını və vəziyyətə nəzarət edə bildiklərini vurğulayıb.

“Güzəştlərdən danışmaq absurddur”

Qondarma rejimin keçmiş başçısı Arkadi Qukasyan isə hazırkı situasiyada güzəştlərdən danışmağın absurd olduğunu bildirib: “İndiki situasiyada güzəştlərdən danışmaq absurddur. Azərbaycanın növbəti hərbi əməliyyatlar barədə düşündüyü bir zamanda hansı güzəştlərdən danışmaq olar?! Heç bir güzəşt ola bilməz, xüsusilə də birtərəfli. Bizim güzəştimiz Azərbaycanın davranışlarından və güzəştlərindən asılıdır”.
Bununla belə, A.Qukasyan istənilən halda Azərbaycan və Ermənistanın danışıq aparmalı olduğunu vurğulayıb: “Sözsüz ki, istənilən halda danışıqlar lazımdır. Qarabağ isə, birmənalı olaraq, mütləq danışıqlar prosesində tərəflərdən biri olmalıdır”.

“Biz mütləq əks-hücuma keçməliyik”

Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynamış, 1988-ci ildən 2000-ci ilədək Dağlıq Qarabağda müxtəlif hərbi vəzifələr tutmuş general-mayor Vitali Balasanyan isə öz açıqlamasında bir qədər də irəli gedib. “Biz mütləq qarşı tərəfə şiddətli cavab zərbəsi endirməli, əks-hücum mövqeyinə keçməliyik”, deyən V.Balasanyan hazırda müharibənin xarakterinin dəyişdiyini bildirib.

Onun sözlərinə görə, erməni tərəfi 1994-cü ilədək müdafiə olunur və hücum əməliyyatları aparırıdı. Sonra atəşkəs barədə razılaşma imzalandı: “Bu sənəd qətiyyən birmənalı sənəd deyil. Atəşkəs rejiminin hansı çaplı silahlar vasitəsilə pozulmasının nə fərqi var?! Bütün bu günlər göstərdi ki, heç bir sənədə və heç bir ölkəyə inanmaq lazım deyil. Baxmayaraq ki, onlar hər şeyi etdilər ki, müharibə başlamasın. Təəssüf ki, biz aqressiyanın (Azərbaycan nəzərdə tutulur-S.HƏMİD) davam etdiyini görürük və hər şey tamamilə qeyri-müəyyən vəziyyətdə qalır. Odur ki, bizə əks-hücuma keçmək lazımdır”.

Göründüyü kimi, işğalçı ölkə hərbi ritorikadan əl çəkmək istəmir, qoşunların təmas xəttində vəziyyəti gərginləşdirir və münaqişənin eskalasiyasında maraqlı tərəf kimi görünür.

Diqqət çəkən həm də odur ki, bu açıqlamaları səsləndirənlərin hər biri separatçı-terrorçu rejimi təmsil edən şəxslərdir. Bununla belə onların da Ermənistan rəhbərliyi ilə ümumi razılaşma olmadan bu cür bəyanatlarla çıxış etməsi mümkünsüzdür. Görünür, Ermənistan təmas xəttində yeni təxribatlara hazırlaşır. Bu açıqlamalar da ictimai rəyi hazırlamağa xidmət edir. Amma belə bir təxribat olacağı təqdirdə onların Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavab alaraq yerlərinə oturdulacaqları şəksizdir. Görünür, düşmən tərəf yenidən canlı qüvvə, hərbi texnika və ərazi itkisi üçün darıxıb…

Səxavət HƏMİD


Müəllif: