19 İyun 2014 11:15
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübariz Qurbanlı: "Terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir"

"Azərbaycan tərəfinin Ermənistan nümayəndə heyətinin NATO-dan çıxarılması haqda təkliflə çıxış etməsi tamamilə doğrudur. Çünki ölkəmizin bu mövqeyi ciddi arqumentlərə əsaslanır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bunun nəticəsində də bir milyondan çox insan qaçqın-köçkün vəziyyətinə düşüb. Eyni zamanda, Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir. Nəzərə alaq ki, NATO PA, eləcə də AŞPA bəzi dövlətləri beynəlxalq hüququ pozduğuna görə cəzalandırıb. Amma nəyə görə işğalçı Ermənistan cəzalandırılmamalıdır?"

Bunu YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı Bakıda NATO Parlament Assambleyasının 86-cı "Rose-Roth" seminarında Azərbaycan tərəfinin Ermənistan nümayəndə heyətinin təşkilatdan çıxarılması təklifini şərh edərkən deyib.

Qurbanlı əlavə edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır və buna görə də danışıqlar prosesinin davam etməsinə maraqlıdır: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində görüş təşkil etmək təşəbbüslərini də müsbət qarşılayırıq. Amma ölkəmizin mövqeyi bundan ibarətdir ki, bu görüşlər konkret nəticə verməlidir. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən ATƏT çərçivəsində Ermənistanın təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildirir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur. Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır".

Azərbaycanın yürütdüyü balanslaşdırılan xarici siyasəti qiymətləndirən deputat bəyan edib ki, xarici siyasət praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir: "Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir. Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Ona görə də dövlətimiz Avropa ilə yanaşı, Latın Amerikası, Asiya, Afrika ölkələri ilə də əlaqələrə diqqət yetirir. Bütün bunlar diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətlidir. Ölkəmizin xarici siyasətindəki bu çeviklik böyük dividentlər verir. Bu gün Azərbaycan 150-yə yaxın ölkə ilə iqtisadi əməkdaşlıq edir. Azərbaycan bloklara qoşulmamaq hərəkatındadır, eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bütövlükdə beynəlxalq müstəvidə əlaqələrimiz daha geniş xarakter alır. Bu faktor isə xarici siyasətimizin məqsəd və vəzifələrinə uyğundur".

Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun Azərbaycan səfəri, Avropa İttifaqı-Azərbaycan münasibətlərinə toxunan hakim partiyanın təmsilçisi deyib ki, bu əlaqələr dinamik inkişaf edir: "Məlumdur ki, Avropa İttifaqı "Şərq tərəfdaşlığı" və "Yaxın qonşuluq" proqramları əsasında Cənubi Qafqaz dövlətləri, o cümlədən Azərbaycanla ikitərəfli əməkdaşlıq edir. Ölkəmiz AVRONEST Parlament Assambleyasında da fəal təmsil olunur. Azərbaycanın xarici siyasəti müstəqil prinsipə əsaslanır və bu prinsip də milli maraqları özündə ehtiva edir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Hesab edirik ki, Avropa Komissiyasının sədrinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq. Aİ bu gün dünyanın iqtisadi-siyasi mərkəzlərindən biri hesab olunur. Əgər bugünkü dünyanın iqtisadi mərkəzlərinə nəzər salınsa, bir tərəfdə ABŞ, digər tərəfdə isə Aİ diqqəti çəkir. Bununla belə, üçüncü istiqamət var ki, bu istiqamətdə Çin iqtisadiyyatını, güclənən Hindistanı və digər fəallaşan ölkələri görürük. Yəni bugünkü dünya çoxqütblü dünyaya çevrilib. Təbii ki, Aİ güclü maliyyə-iqtisadi və siyasi mərkəz kimi bizim üçün əhəmiyyətlidir".

CAVİDAN


Müəllif: