Elman Nəsirli: “Beynəlxalq birlik Azərbaycanın öz gücü hesabına 8 yüksəkliyi geri alması faktını qəbul etdi”
Mayın 16-da Vyanada ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.
Görüşlə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Bəs, Vyana görüşü pozitiv hesab edilə bilərmi? Əgər pozitiv hesab edilərsə, hansı aspektlərdən hesab edilə bilər?
Bu sualla müraciət etdiyimiz Milli Məclisin deputatı, siyasi şərhçi Elman Nəsirli bildirib ki, Vyana görüşü Azərbaycan üçün bir neçə istiqamət üzrə pozitivdir:
“Birincisi ona görə ki, aprel döyüşlərindən sonra yaranmış yeni şəraitdə Azərbaycan diktə edən tərəfdir. Yəni, Azərbaycan danışıqlara getməyə hazır olduğunu bəyan etdi və danışıqlara getdi. Ermənistan prezidenti isə danışıqlardan imtina etdi, lakin danışıqlara məcbur edildi və danışıqlara göndərildi”.
E.Nəsirlinin sözlərinə görə, ikinci reallıq isə ondan ibarətdir ki, danışıqların keçirildiyi gün, mayın 16-ı, danışıqlardan bir neçə saat öncə Ermənistan parlamenti qondarma “DQR”in tanınmasından imtina edən bir mövqe irəli sürdü: “Bu da bir daha təsdiqləyir ki, Ermənistan tərəfi təzyiq altındadır və o, danışıqlara getməyə məcburdur”.
Üçüncü məqamın nədən ibarət olmasına aydınlıq gətirən müsahibimiz deyib: “Ermənistan prezidenti aprel döyüşlərində ordusunun qalib gəlməsindən danışırdısa, Vyanadan qayıdarkən təyyarədə verdiyi müsahibə zamanı qeyd etdi ki, onun ölkəsinin silahlı qüvvələri öz vəzifəsini yerinə yetirib. Ardınca isə Serj Sərkisyan bildirdi ki, Azərbaycan 800 hektar ərazini geri alıb. Yəni, faktiki olaraq belə çıxır ki, Sərkisyanın əsgərləri həmin 800 hektarı geri qaytarmaq vəzifəsini yerinə yetirib. Bu da məğlub davranışın bir nəticəsidir”.
E.Nəsirli dördüncü məqama toxunarkən qeyd edib ki, tərəflərin danışıqların gedişi zamanı atəşkəsə əməl etməklə bağlı razılaşmalarının mənası fərqlidir: “Yəni, aprel döyüşlərinə qədər atəşkəsə əməl etmək bir məna daşıyıb və bu, daha çox status-kvo vəziyyətinin dondurulmasına xidmət edib. Aprel döyüşlərindən sonra isə artıq bu mənanı daşımır. Artıq o, iyun ayında prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsi üçün bir münbit şəraitin, sakitliyin və sabitliyin təmin edilməsi mənası daşıyır.
Yəni, bunlar tamamilə fərqli məsələlərdir. Ona görə də mənim mövqeyim bundan ibarətdir ki, Vyana danışıqları əslində yeni şəraitdə Azərbaycanın üstün mövqeyinin ifadəsidir. İyun ayına qədərki dövrü isə biz pauza deyil, strateji pauza adlandırsaq, daha düzgün olar. Ermənistan dövləti ötən ilin sonunda cəmi bir dəfə, o da ilin sonunda danışıqlara getmişdisə, indi artıq ardıcıl şəkildə danışıqlara getmək məcburiyyətindədir”.
Nəhayət, beşinci məqama aydınlıq gətirən politoloq bir maraqlı detaldan bəhs edib: “Vyana danışıqlarından sonra Sərkisyan qeyd etdi ki, növbəti danışıqlarla bağlı heç bir razılaşma yoxdur. Ancaq belə cəhdlər var ki, danışıqlar olsa, yaxşı olar. Ancaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə dedi ki, iyun ayında danışıqların yeri və zamanı müəyyən ediləcək. Bax, buradan da məlum olur ki, Ermənistan prezidenti artıq öz xalqını aldadır. Əslində isə reallıq başqadır. Yəni Sergey Lavrov həqiqəti daha düzgün qeyd edib, nəinki Serj Sərkisyan. Bütün bunlar bir daha təsdiq edir ki, prinsip etibarilə Vyana danışıqlarına müsbət hal kimi yanaşmaq olar”.
Qeyd edək ki, Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun aprelin 1-5-də 2000 hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ermənistan Vyana danışıqlarına qədər ciddi-cəhdlə qoşunların təmas xəttinin 1994-cü mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışıb, əks halda beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edirdi.
Bu məsələyə də münasibət bildirən E.Nəsirli qeyd edib ki, Ermənistan tərəfi buna cəhd etdi: “Qarşı tərəf istəyirdi ki, 1994-95-ci il sərhədləri reallığı kontekstində danışıqlara başlasınlar. Bu alınmadı. Eyni zamanda beynəlxalq birlik Azərbaycanın mövqeyini dəstəkləyir və bu mövqe də ondan ibarətdir ki, işğal altındakı torpaqlar geri qaytarılmalıdır. Amma Ermənistan buna getmirdi. Bu baxımdan Azərbaycanın öz gücü hesabına 8 yüksəkliyi alması və hərbi üstünlük əldə etməsi taktikasını beynəlxalq birlik prinsip etibarilə qəbul eləyib. Yəni, bunu dəstəkləyib. Çünki Ermənistana onsuz da deyilirdi ki, güzəştə get, amma o, getmək istəmirdi. Bu baxımdan hesab edirəm ki, qeyd etdiyiniz məsələ çox vacib məqamdır”.
Səxavət HƏMİD