“İstəyirdik ki, mayın 29-da qurultayımızı keçirək. Ancaq iki səbəbdən Ağ Partiyanın qurultayı yubandı. Səbəblərdən biri bəzi təşkilati-texniki məsələlər oldu. İkinci səbəb odur ki, biz Vahid Azərbaycan Partiyasının qurultayını keçirəcəyik”.
Bunu Teleqraf.com-a “Ağ blok”un sədri Tural Abbaslı deyib.
Xatırladaq ki, T.Abbaslı Müsavat Partiyasının aktiv funksioneri olub. Son qurultayda başqanlığa namizədliyini versə də, qələbə çalmayıb. Sonradan onunla partiyanın indiki rəhbərliyi arasında problemlər yaşanıb. 2015-ci il parlament seçkilərində T.Abbaslı “Ağ Blok” yaradaraq Müsavatla seçkilərə getməyib.
Son günlərə qədər “Ağ Blok”un siyasi partiyaya çevriləcəyi haqda xəbərlər gəzirdi. Ancaq blokda təmsil olunanlar gözlənilmədən Vahid Azərbaycan Partiyasına transfer olundu.
Tural Abbaslı deyib ki, Vahid Azərbaycan Partiyasının qurultayında təşkilatın nizamnaməsinin və adının dəyişməsi gündəmdə olacaq: “Ancaq hazırda əsas problemimiz qurultayın keçiriləcəyi məkanla bağlıdır. Çünki bizim yer problemimiz var. Bu günə qədər müraciət etdiyimiz yerlərdən müsbət cavab ala bilməmişik. Düzdür, Bakı Şəhər İcra Hakimiyyətinə hələlik rəsmi müraciət ünvanlanmayıb. Amma təcrübə belədir ki, Bakı meriyası, adətən cavab verir ki, etiraz etmirik, gedin filan məkanla özünüz danışın, müqavilə bağlayın. Həmin yerlərlə biz ilkin danışıqlar aparmışıq, ancaq bizə fantastik qiymətlər deyirlər. Otellər isə müsbət cavab vermirlər. Odur ki, indi yer problemimiz var. Vahid Azərbaycan Partiyası dövlət qeydiyyatından keçmiş siyasi təşkilatdır. Biz ümid edirik ki, bu problemləri həll edə bilsək, iyunun 5-i və ya 12-də qurultayımızı keçirəcəyik. Bizim planımız bundan ibarətdir”.
Cavad