Prezident İlham Əliyev Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasında Azərbaycandan rəhbər iqtisadiyyat naziri (Şahin Mustafayev), alternativ rəhbər isə Azərbaycanın maliyyə naziri (Samir Şərifov) təyin edilsin və onlara həmin bankda Azərbaycanı təmsil etmək səlahiyyəti verilsin.
Azərbaycan Mərkəzi Bankı Asiya İnfrastruktur İnvestisiya Bankının ehtiyatlarının və digər aktivlərinin Azərbaycanın milli valyutasında depozitarı müəyyən edilir.
Nazirlər Kabinetinə Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı müvafiq abunə kapitalının ödənilməsi üçün maliyyə vəsaitinin ayrılmasını təmin etmək; "Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.