77 kq çəki dərəcəsində peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu, Qəbələ idman klubunun üzvü, əməkdar idman ustası Kobra ləqəbi ilə tanınan Pərviz Abdullayev sabah ABŞ-ın Los Anceles şəhərində keçirilən ACB KB 12 çempionatında iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançımız noyabrın 11-də nüfuzlu ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayacaq. Həmyerlimiz əslən hollandiyalı olan və ABŞ-ı təmsil edən Qodvin Afriyie ilə döyüşərək vətənimizi təmsil edəcək.
Kobranın Meneceri Faiq Abdullayevin verdiyi məlumata görə, Qodvin Afriyie Amerikanın kikboks favoritlərindəndir. Lakin Pərviz bir neçə aydır məşqlərə çox ciddi hazırlaşıb. O, yarış öncəsi artıq öz peşəkar davranışı və titulları ilə amerika mediasının diqqətini özünə çəkə bilib.
ACB KB-12-yə Bakı vaxtı ilə səhər saat 6:00-da start veriləcək.