27 Yanvar 2018 21:49
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Arsenal” klubu ilə 3:3 hesabı ilə bərabərə qaldıqları oyundan sonra suallarını cavablandırıb. Teleqraf.com baş məşqçinin müsahibəsini təqdim edir.

- Oyun haqqında nə deyə bilərsiniz?

- Matçdan çox razı qaldım. Bütün komponentlərdən, müdafiədən, hücumdan, oyunun təşkil olunmasından, bir sözlə, qarşılaşmadan çox məmnun qaldım. Bizim üçün çox yaxşı məşq oldu. Lazımi informasiyalar aldıq.

- Maraqlıdır ki, 3 dəfə hesabda geri düşsəniz də, hər dəfəsində bərabərliyi təmin edə bildiniz...

- Yoldaşlıq oyunlarında nəticə əsas deyil. Heç vaxt sınaq matçlarındakı hesabları ciddi qəbul etmirəm. Vacib olan odur ki, mən bu gün meydanda gördüklərimdən çox məmnunam.

- Bu gün, xüsusilə də ilk hissədə göstərdiyiniz emosiyaları digər hazırlıq matçlarında görə bilməmişdik...

- Məşq oyunlarında adətən emoisonal olmuram. Bu, elədir ki, hər iki komanda məşq edir. Mən də istəyirəm ki, komandam düzgün məşq etsin. İstəyirik ki, hər şey necə olmalıdısa, elə olsun.

- Penalti epizodunda topa Təmkin Xəlilzadə yanaşdı. Bu, sizin tapşırığınız idi?

- Xeyr, mən sadəcə olaraq ilk meydana çıxan heyətdə penaltini kimin vuracağını deməmişdim. İkinci hissədə isə topa Təmkin özü yaxınlaşdı. Sözün düzünü deyim, onun bu hərəkətini bəyənmədim. Özünə heç nə demədim, amma belə hərəkət lazım deyil. Komandaya yeni qoşulub, hələ təzədir. Məsələ onun penalti zərbəsindən istifadə edə bilməməsi deyil, hərəkətidir.

- Bəlkə psixologiyası belədir? “Zirə”də o komandanın lideri idi. Burda da özünü elə hiss etmək istəyir...

- Liderlik uğrunda oyunçuların mübarizə aparması yaxşı haldır. Amma mən düşünmürəm ki, penalti vurmaq oyunçuya elə də güclü hörmət qazandırsın. Buna görə onu danlamayacam, nəsə irad bildirməyəcəm, amma deyim ki, xoşuma gəlmədi.

- Komandadan gedənlər oldu. Onların yerinə yeni oyunçular gətirəcəksiniz?

- Düşünürük, amma hələ ki, ciddi variantlar yoxdur. Əsasən də hücumameyilli oyunçular üzərində düşünürük. Ancaq bizə lazım olan oyunçu dəvət edəcəyik, transfer xətrinə kimisə almaq fikrimiz yoxdur.

- Qurban Qurbanov milli komandanın heyətini açıqladı. Sizdən 3 oyunçunu dəvət etdi. Bu, “Qəbələ”yə mane olmayacaq?

- Xeyr. Bu barədə bizim Qurbanla söhbətimiz olub. Əgər iki oyun olsaydı, biz oyunçularımızı sadəcə ilk matça yollayacaqdıq. İndi də oyunçularımızı 4 günlük göndərəcəyik.

- U-21-in oyunundan sonra Rəşad Sadıqov müsahibəsində demişdi ki, Hacıağa Hacıyev çox xoşuma gəlib, amma mən Roman Qriqorçuka deyə bilmərəm ki, onu mütəmadi olaraq əsas heyətdən oynatsın... Siz bu barədə nə düşünürsünüz?

- Bütün oyunçularımı çox yaxşı tanıyıram. Hacı da digərləri kimi əsas komanda ilə məşq edir. Son olaraq qərarı da mən verirəm ki, kim nə qədər oynamalıdır. İstəyirik ki, öz oyunçularımızı yüksək səviyyədə görək. Qisməti, Hacını və digər gəncləri daha çox meydanda görməyi istəyirik. Belə məsələlərdə kiminsə mənə nəsə deməsi qeyri-peşəkarlıq olar.

-"Astana" ilə danışıqlar apardığınız barədə çıxan xəbərlər haqqında nə deyə bilərsiniz?

- Əgər belə bir şey olsa, təklif gəlsə, bunu ilk olaraq siz yox, mənim rəhbərliyim biləcək. Bundan başqa nəsə demək artıq işdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər