"Milan"ın baş məşqçisi Cennaro Qattuzo bildirib ki, komandası daha güclü olmaq üçün ünvanına səsləndirilən tənqidləri tez-tez xatırlamalıdır.
Onun sözlərini "Football Italia" nəşri sitat gətirib.
"Mənə qışda yeni futbolçular lazım deyildi, çünki mən onsuz da öz komandama inanıram. Klub məndən kiminsə lazım olub-olmadığını soruşdu, lakin mən hər dəfə hər şeyin qaydasında olduğunu bildirdim.
Mən ayaq üstə möhkəm durmuşam və haqqımda yazılanları çox da oxumamağa çalışıram. Ona görə ki, qarşıda bizi uzun yol gözlədiyini bilirəm.
Lakin unutmamalıyıq ki, insanlar altı həftə əvvəl də haqqımızda danışırdılar, yoxsa geriləməyə başlayacağıq. "Milan" indi Bred Pitt deyil. Biz mənim saqqallı və gözümün altındakı qara dairəli eybəcər üzüm kimi olmaqda davam etməliyik", - deyə keçmiş futbolçu bildirib.
Hazırda "Milan" 22 turdan sonra 34 xalla İtaliya çempionatının 7-ci pilləsində qərarlaşıb./Report/