“Müstəqil Futbol Federasiyaları Konfederasiyası” (ConIFA) tanınmayan dövlətlər arasında növbəti Avropa çempionatının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçiriləcəyini təsdiq edib.
Teleqraf.com xəbər verir ki, ConIFA Qarabağın qanunsuz oyunlara 2019-cu ildə ev sahuibliyi edəcəyini açıqlayıb.
Turnir iyun ayında Xankəndində keçiriləcək.
ConIFA prezidenti Per-Anders Blind dəqiq tarixin yaxın günlərdə açıqlanacağını bildirib. Blind bu məqsədlə bir müddət əvvəl Qarabağa gəldiyini və şəraitlə tanış olduğunu da diqqətə çatdırıb.
Turnirdə 12 komanda iştirak edəcək. 2017 “Avropa kuboku”nun qalibi Padaniya, 2016 “dünya kuboku”nun qalibi, Karpatiya və Şimali Kipr oyunlara birbaşa “vəsiqəni” təmin ediblər. Qalan komandalar gələn ilin yanvar ayında konfederasiyanın illik ümumi yığıncağında müəyyənləşdiriləcək.
Qeyd edək ki, 2013-cü ildə qurulan “Müstəqil Futbol Federasiyaları Konfederasiyası” rəsmi olaraq FIFA-nın tərkibində olmayan “milli futbol komandaları”nı birləşdirir.
2016-cı ildə “dünya kuboku” Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsində keçirilib. Finalda “Abxaziya respublikası” “Pəncab”ı məğlub edərək qalib olub.