Uzun illər İtaliyada yaşayan, eyni zamanda çox sayda media qurumunda təmsil olunan türk jurnalist, həmçinin İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin rəhbəri Dündar Keşaplı Maltanın önəmli və köklü komandası “Sliema Wanderers” futbol klubunda məsul vəzifəyə təyin olunub.
Teleqraf.com xəbər verir ki, 25 ildən artıqdır jurnalist karyerasındakı uğurları ilə tanınan Keşaplı “Sliema Wanderers” klubunun mətbuat və ictimaiyyətlə əlaqələr direktoru vəzifəsini icra edəcək.
Keşaplı bununla yanaşı klubun UEFA ilə əlaqələrini həyata keçirəcək. Dündar Keşaplı belə bir vəzifəyə gətirilən ilk türkdür.
“Sliema Wanderers” klubunun prezidenti Keiz Perri Keşaplının təyinatı ilə bağlı “sizinlə çalışmaq mənim üçün qürurvericidir. Sizin təcrübələriniz sayəsində “Sliema Wanderers”ın daha da irəli gedəcəyini düşünürəm”, -deyə bildirib.
Jurnalist Keşaplı da ona həvalə edilən vəzifəyə görə, məmnunluq duyduğunu bildirərək, “gözəl əməkdaşlıq olacaq. Bir ailə kimi olacağımızı düşünürəm. Bu vəzifəni də çox yaxşı formada yerinə yetirərək, klubu beynəlxalq və hər cür rəsmi tədbirlərdə uğurla təmsil edəcəyəm”, - deyə vurğulayıb.
İmza törənində “Sliema Wanderers”in prezidenti Perri ilə birliktə klubun baş direktoru sabiq italyan futbolçu Gianfranco Guazzoli də iştirak edib.
Xatırladaq ki, Dündar Keşaplı İtailya idman tarixində ilkə imza ataraq, 2009-cu ildə İtaliya İdman Yazarları Dərnəyi İdarə Heyəti üzvlüyündə seçilib. Bu gün hazırda idarə heyətinin xarici əlaqələr vəzifəsini icra etməklə yanaşı, Keşaplı nüfuzlu SKYTG24 və TGCOM24 xəbər kanallarında şərhçi kimi çıxış edir. O, həmçinin hazırda Türkiyənin TRT Spor və A spor kanallarının İtaliya təmsilçisidir.