2 Sentyabr 2014 12:33
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrokubok həyəcanından ayrılıb milli çempionatımıza diqqət kəsilmək nə qədər çətin olsa da, işimizin və içimizdəki "lənət olası" futbol sevgisinin tələbi ilə həftəsonunu Azərbaycan birinciliyi ilə keçirməli olduq.

Turun ilk oyunu digərlərindən əvvəl, həftənin cümə günü "Xəzər Lənkəran"-"İnter" qarşılaşması oldu. Mövsümə bərbad başlayan, daha doğrusu, bərbad şəkildə bitirdiyi ötən mövsümə eyni şəkildə davam eləyən lənkəranlılar ard-arda uğursuz oyunlardan sonra evdə çempionatın uğurlularından "İnter"i məğlub edərək sürpriz nəticəyə imza atdılar.

"Bankirlər"lə qarşılaşmadan öncə klubdaxili toplantıda rəhbərlik tərəfindən yaxşıca danlanan oyunçular və texniki heyət, deyəsən, ancaq bu xəbərdarlıqdan sonra ayıla biliblər. Komandanın texniki heyətində də bir neçə dəyişikliyin baş verdiyini nəzərə alsaq, Oğuz Çətin və yetirmələrinin "mərifəti gözü çıxmış qardaşdan öyrəndiyini" başa düşmək olar.

"İnter" isə səfərdə yaşadığı gözlənilməz xal itkisi ilə liderlik mövqeyini əldən verdi. Həm də kimə? Bu haqda bir az sonra.

Turun digər iki görüşü şənbə günü baş tutdu. Debütant "Araz Naxçıvan" Sumqayıtda yerli komandanın qonağı oldu. "Qəbələ" isə doğma meydanda AZAL-ı qəbul elədi.

Ötən mövsümün autsayderi, çempionatı birtəhər zülmlə başa vuran "Sumqayıt" bu mövsüm, deyəsən, "çərxi-fələyin tərs dövranı"ndan istifadə eləyə bilən ən uğurlu komandadır.

"Qarabağ" və "Xəzər Lənkəran"la uğurlu oyunlardan sonra "İnter"dən tutarlı zərbə alan "gənclik şəhəri"nin təmsilçiləri vurulan beş sillədən (qoldan) özlərini itirmədilər.

Debütant qarşısında əlahiddə oyunla yadda qalmasalar da yekunda qələbə hesabını qoruyub saxlamağı bacaran Aqil Məmmədov və yetirmələri yenidən liderliyə yüksəldilər.

"Araz Naxçıvan" isə "Neftçi" qələbəsi ilə başladığı mövsümü uğurla davam etdirməkdə çətinlik çəkir. Ardıcıl olaraq "Qəbələ"yə yenilən və "Qarabağ"la oyunu təxirə salınan debütantın "Sumqayıt"a yenilməsi hardasa bir az gözlənilməz oldu. Hələlik istənilən nəticə əldə olunmasa da uzun marafon olan milli birincilik hələ təzə başlayıb və itirilən xalların sığortası üçün yetərincə imkan olacaq.

"Neftçi"-"Simurq" oyunu da maraqlı qarşılaşmalardan biri idi. "Partizan"la uğursuz Avrokubok matçından sonra Premyer Liqada nə edəcəyi maraq doğuran flaqmanın Zaqatala təmsilçisi ilə oyunda qazandığı qələbə psixoloji baryeri adlamaq üçün hava-su kimi əhəmiyyətli idi. Çətinliklə də olsa öz meydanında rəqibinə üstünlük qura bilən "ağ-qaralar" bununla da milli komandanın oyunu ilə əlaqədar veriləcək fasilə ərəfəsində toparlanmaq üçün yaxşı imkan və əlavə zaman qazandı.

Bu mövsüm bu oyuna qədər məğlubiyyət acısı dadmamış zaqatalalılar isə ilk məğlubiyyətini almış oldu. Ötən tur qırmızı vərəqə ilə cəzalandırılmış əsas oyunçusu Draqan Çeranın yoxluğunda "sarı-qaralar" müəyyən qədər cəhdlər eləsələr də, onların bu cəhdləri qalibiyyət üçün yetərli olmadı.

Avroliqada qrup mərhələsinə düşməklə bütün ölkəni sevincə qərq eləyən "Qarabağ" isə milli çempionatdakı uğursuz gedişə dur deyə bilmir. Gözləmək olardı ki, əla əhvali-ruhiyyədə olan kollektiv bu ruh yüksəkliyi ilə gənc və təcrübəsizlərdən təşkil olunmuş "Bakı"nı çox asanlıqla keçəcək. Ancaq görünən budur ki, çətin Avropa səfərindən sonra yerli oyunlara adaptasiya olunmaq o qədər də asan deyilmiş.

"Bakı"nın gənclərinə isə bu dəfə də alqış düşür. Adlı-sanlı rəqibləri ilə başabaş mübarizə aparan, qalibiyyəti son anda əldən qaçıran "zolaqlılar" belə davam eləsələr bir çox komandanın başını ağrıda biləcəklər.


Müəllif:

Oxşar xəbərlər