Bu gün Bakı vaxtı ilə saat 18:00-da futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq görüşü çərçivəsində bu ilin ilk oyununa çıxacaq.
Teleqraf.com xəbər verir ki, millimiz doğma azarkeşlər önündə Litva yığmasını qəbul edəcək.
“Bakcell Arena” stadionunda keçiriləcək oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Artıq komandaların start heyətləri açıqlanıb. Azərbaycan millisinin heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Maksim Medvedev (k), Bədavi Hüseynov, Araz Abdullayev, Ramil Şeydayev, Eddi İsrafilov, Rüfət Dadaşov, Anton Krivotsyuk, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxacaqlar.
Qeyd edək ki, UEFA-nın təqvim reqlamentinə əsasən, hər iki komanda AVRO-2020-nin seçmə mərhələsində ikinci turu buraxıb. İlk turda Azərbaycan səfərdə Xorvatiyaya, Litva isə Lüksemburqa eyni hesabla uduzub - 1:2.
Həm Nikola Yurçeviç, həm də Valdas Urbonas baş məşqçi olduqları yığmanı bu il ilk dəfə yoldaşlıq görüşündə sınaqdan keçirəcək. Bu komandalar əvvəllər 2 dəfə qarşılaşıblar. 1998-ci ildə Estoniyanın Vilyandi şəhərində təşkil olunmuş matçda Azərbaycan 2:1, 2008-ci ildə Vilnüsdə baş tutmuş qarşılaşmada Litva 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki ölkə yığması, həm də ilk dəfə Bakıda üz-üzə gələcək.