10 İyun 00:25
209

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa çempionatı başa çatıb.

Teleqraf.com məlumatına görə, Altıncı yarış günündə 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Azərbaycan təmsilçilərindən İntiqam Vəlizadə ilk görüşündə Bolqarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Lakin daha sonra o, Yunanıstan güləşçisinə müqavimət göstərə bilməyib.

Nəsib İsayev Polşa təmsilçisinə qarşı görüşdə 0:4 hesabı ilə geri düşsə də, əzmkarlıq nümayiş etdirərək ardıcıl 10 xal qazanıb və 1/4 finala yüksəlib. Lakin bu mərhələdə o, Rusiya güləşçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün İsayev bu gün təsəlliverici görüşə çıxıb və çətinlik çəkmədən macarıstanlı həmkarını mübarizədən kənarlaşdırıb. Beləliklə, o, bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Lakin İsayev gürcüstanlı rəqibinin öhdəsindən gələ bilməyərək 5-ci yerlə kifayətlənib.

Fuad Mayılov debütdə Gürcüstan pəhləvanına uduzub. Lakin onun da rəqibi finaladək irəlilədiyi üçün Mayılov bu gün təsəlliverici qarşılaşmada qüvvəsini sınayıb. Moldova güləşçisi ilə görüşün ilk hissəsini 2:0 öndə tamamlayan Azərbaycan təmsilçisi ikinci hissədə rəqibə müqavimət göstərə bilməyib.

Mübarizəyə 1/4 finaldan başlayan Asxab Həmzətov Bolqarıstan idmançısına rahat qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə çexiyalı həmkarına da şans tanımayan Həmzətov adını finala yazdırıb. Azərbaycan təmsilçisi bu gün həlledici qarşılaşmaya çıxıb. Rusiya idmançısına uduzan Həmzətov gümüş medala yiyələnib.

İslam Abuyev ilk görüşdə İsveç, daha sonra Ermənistan idmançısına qalib gələrək yarımfinala adlayıb. Lakin Abuyev finalın bir addımlığında Rusiya güləşçisinə məğlub olub. Yığma üzvü bu gün bürünc medal uğrunda görüşdə Türkiyə pəhləvanına qalib gələrək 3-cü yeri tutub.

61 kq

Təsnifat. İntiqam Vəlizadə - Stilyan Yançev İliyev (Bolqarıstan) - 11:0

1/8 final. İntiqam Vəlizadə - Georgios Pilidis (Yunanıstan) - 0:10

74 kq

Təsnifat. Nəsib İsayev - Kaçper Marçin Kraska (Polşa) - 10:4

1/4 final. Nəsib İsayev - Dmitri Kuprin (Rusiya) - 0:11

Təsəlliverici görüş. Nəsib İsayev - Benjamin Dobler (Macarıstan) - 13:2

Bürünc medal görüşü. Nəsib İsayev - Qoqa Mamiauri (Gürcüstan) - 0:10

86 kq

1/8 final. Fuad Mayılov - Miriani Maysuradze (Gürcüstan) - 6:14

Təsəlliverici görüş. Fuad Mayılov - İvan Nedealko (Moldova) 4:11

92 kq

1/4 final. Asxab Həmzətov - Bojidar Mateyev Todorov (Bolqarıstan) - 7:0

1/2 final. Asxab Həmzətov - Matyuş Vondal (Çexiya) - 6:0

FİNAL. Asxab Həmzətov - Aslanbek Sotiyev (Rusiya) - 0:11

125 kq

Təsnifat. İslam Abuyev - Fardin Anoşen (İsveç) - 3:0

1/4 final. İslam Abuyev - Aşot Ruşanyan (Ermənistan) - 2:0

1/2 final. İslam Abuyev - Saypudin Maqomedov (Rusiya) - 0:5

Bürünc medal görüşü. İslam Abuyev - Paşa Ekrem Karabulut (Türkiyə) - 4:2.


Müəllif: Teleqraf.com