Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Teleqraf.com-un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. İtaliyalı FIFA referisi Marko Quidanın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Portuqaliyalıların hücumları ilı başlayan oyunda hesab 26-cı dəqiqədə açılıb. Brunu Fernandeşin ideal ötürməsini Bernardu Silva qola çevirib. Cəmi 3 dəqiqə sonra Azər Salahlı hesabı bərabərləşdirməyə yaxın olsa da, yaxın məsafədən topu qapıya göndərə bilməyib. Əvəzində qonaqlar 31-ci dəqiqədə ikinci qolu vurublar. Bu dəfə Andre Silva adını tabloya yazdırıb. Hissənin sununcu dəqiqəsində Filip Ozobiç fərqi azaltmaq üçün əla fürsət yaxalayıb. Lakin yarımmüdafiəçi son anda topa toxuna bilməyib. İlk yarı qonaqların 2:0 hesablıq üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra dəyişikliyə əl atan De Byazi Qara Qarayevlə Təmkin Xəlilzadənin yerinə meydana Əli Qurbani və Anatoli Nuriyevi buraxıb. Lakin bu əvəzetmə də nəticə verməyib. 75-ci dəqiqədə isə Portuqlaliya yığması Azərbaycan millisini 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Bu dəfə Diequ Jota fərqlənərək, matçda son nöqtəni qoyub.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 13-ə çatdıran Portuqaliya yığması A qrupunda ilk pilləyə yüksəlib. Azərbaycan isə 1 xalla sonuncudur.