6 May 2014 17:05
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbolinfo.az saytı idman jurnalistlərini bir-birinə daha da yaxınlaşdırmaq, həmrəyliyi artırmaq və təcrübə mübadiləsi etmək qərarına gəlib. Bu səbəbdən həmkarlarımızla mütəmadi görüşlər keçirməyi, məsləhətləşməyi lazım bilirik.

Bu gün ilk addımı atdıq. "Futbol+" qəzetinin baş redaktoru, tanınmış idman jurnalist Mahir Rüstəmlini redaksiyamıza dəvət edib fikir mübadiləsi apardıq. Təbii ki, hələ 1 yaşı tamam olmayan saytın əməkdaşları 17 yaşlı qəzetin rəhbərinin söhbətini müzakirə adlandırmaq bir az doğru olmaz. Ona görə də Mahir bəyin redaksiyamızda olduğu vaxtda daha çox gənc əməkdaşlarımıza master-klass keçdiyini demək olar.

20 ildən çox jurnalist təcrübəsi olan qonağımızı əslində, elə bunun üçün dəvət etmişdik. Sadəcə, o, söhbəti elə qurdu ki, tövsiyyələrini, məsləhətlərini, iradlarını və təkliflərini çatdırmaqla yanaşı fikir mübadiləsi aparmaq üçün də şərait yaratdı. İdman jurnalistikasında qazandığı təcrübəni bizimlə bölüşən Mahir bəy bu sahədə uğur qazanmağın sirrlərini açıqladı. O, bunun üçün dürüst, şəffaf fəaliyyət göstərməyin vacibliyini vurğuladı.


Rüstəmli jurnalistika sahəsində bəzi çatışmazlıqların olduğunu da dilə gətirdi. İdman mətbuatında təmiz adla fəaliyyət göstərənlərin azlığından şikayətlənən baş redaktor yaxın gələcəkdə bu problemin aradan qaldırılacağına inandığını bildirdi. Bunun üçün o, Mətbuat Şurasının mediaya nəzərətinin tam gücləndirilməsinin vacibliyini vurğuladı. İşin mükəmməl səviyyəyə çatdırılması üçün dil biliklərini zənginləşdirməyin, o cümlədən bədii ədəbiyyatın çox oxunmasının vacibliyi bildirən Mahir bəy sonda əməkdaşlarımızla xatirə şəkli çəkdirdi.


Müəllif: