13 Fevral 2022 09:58
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Diqqətli və kollektiv şəkildə oynasaq, Fransadan müsbət nəticə ilə qayıda qayıda bilərik".

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Fransada "Marsel"ə qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin oyunundan öncə UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Marsel şəhərinin eyniadlı təmsilçisinin Çempionlar Liqasını qazandığını xatırladıb: "Onlar artıq bir dəfə bu titulu başları üzərinə qaldırıblar. Düzdür, çoxdan olub. Amma bu, "Marsel"in köklü, güclü və Fransanın ən böyük klublarından biri olduğuna sübutdur".

O bildirib ki, Fransa klubuna qarşı oynamaq asan olmayacaq: "Amma son illərdə futbol çox dəyişib: istək, əzmkarlıq və oyuna ciddi yanaşma istənilən matçda möcüzələr yarada bilər. Xüsusilə güc balansını dəyişə biləcək səfər oyunu bizim üçün çətin olacaq. Çünki rəqibin heyətində yaxşı futbolçular var. "Marsel" güclü komanda olsa da, məndə belə bir təəssürat yaranıb ki, keyfiyyətli rəqiblərə qarşı daha yaxşı oynayırıq".

"Qarabağ"ın Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmış ilk komanda olduğunu söyləyən təcrübəli oyunçu artıq Ağdam təmsilçisinin bütün ölkələrdə tanındığını vurğulayıb: "Qrupda İspaniyanın "Atletiko" (Madrid) klubu ilə heç-heçə etmişik. Ən əhəmiyyətli dəyişiklik odur ki, biz artıq səfərdə oynayanda da rəqib komanda və baş məşqçi bizi ciddi qəbul edir və hörmətlə yanaşır. Sözsüz, “Qarabağ” hazırkı səviyyəyə gəlibsə, bu, ilk növbədə zəhmət hesabına olub. İndi başqa ölkələr bizə hörmət etməyə borcludurlar. Hesab edirəm ki, bu, bizim üçün Avropa yarışlarında əsas göstəricilərdən biridir. "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin bizim haqqımıda səsləndirdiyi fikirlər "Qarabağ"ın Avropada özünə real yer tutduğunun bariz sübutudur. Bu, bir çox nümunədən yalnız biridir. Biz artıq Avropada tanınır, hətta çox yaxşı formada sayılırıq. Çempionatımızın UEFA əmsalına baxmayaraq, komandamız çox yaxşı reytinqə malikdir".

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.


Müəllif: Teleqraf.com