13 Oktyabr 2022 23:44
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəqib öz qapısı qarşısında sanki ikiqat divar hörmüşdü. Cərimə meydançasına daxil olmaq çətin idi".

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Qara Qarayev Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı futbolçu bildirib ki, Pirey təmsilçisi bəzən 5, bəzən də 6 müdafiəçi ilə oynayırdı: "Buna görə son dəqiqələrdə bir az güc itirdik. Bəlkə də daha basqılı oynasaydıq, şanslar yarada bilərdik. Rəqib hesabı qorumağa çalışırdı. Biz isə bununla razı deyildik. Qalib gəlmək istəyirdik. Futbolda belə nəticələrə hazırıq. Hesabı məyusedici saymıram. Bizim üçün yaxşı nəticədir".

Təcrübəli yarımmüdafiəçi qazanılan 1 xal münasibətilə azarkeşləri təbrik edib: "Bu xal bizim üçün əhəmiyyətli idi. Rəqibin bu cür müdafiə olunacağını bilirdik. Bəlkə də səfərdəki matçdan daha az qol epizodu əldə etdik. Ümumi oyunumuz pis alınmadı. Rəqibə qol fürsəti vermədik. "Olimpiakos"dan bu cür oyun gözləyirdik. Çünki buraya 1 xal dalınca gəlmişdilər. Bu, "Qarabağ"ın, azarkeşlərimizin uğurudur. Belə bir komanda Bakıya məğlub olmamaq üçün gəlir".

Qarayevin sözlərinə görə, "Nant"ın Fransada Almaniya "Frayburq"unə uduzması onlar üçün üstünlük deyil: "Çünki bu komanda ilə səfər oyunumuz var. Məğlubiyyət rəqibə əlavə motivasiya verəcək. Evdə uduzmamaq üçün layiqli mübarizə aparacaqlar. Bəlkə də gələn tur pley-off vəsiqəni təmin etmək olar. Amma "Frayburq"la Bakıdakı matçadək dəqiq nəsə demək çətindir".

O, Fransadakı nəticədən final fitindən sonra xəbər tutduqlarını söyləyib: "Bütün diqqətimiz "Olimpiakos"la qarşılaşmada idi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər