Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə yarışının son günündə Azərbaycanın altı cüdoçusu mübarizə aparacaq.
Teleqraf.com xəbər verir ki, 81 kq çəki dərəcəsində iki idmançı yarışacaq.
1/32 finalda Elcan Hacıyev dominikanlı Medikson Del Obre Kortorreal, Zelim Tçkayev isə polşalı Pavel Drzmalı (Polşa) sınağa çəkəcək. Hacıyev cütün qalibi olsa, növbəti raundda Türkiyə təmsilçisi Vedat Albayrakla qarşılaşacaq.
90 kq-da yarışacaq Murad Fətiyevin 1/32 finalda rəqibi Aydar Arapov (Qazaxıstan) olacaq.
Zelim Kotsoyev (100 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, fransalı Sedrik Olivarla münasibətlərinə aydınlıq gətirəcək.
+100 kq çəkidə iki cüdoçu medal uğrunda çıxış edəcək. Camal Qamzatxanov 1/32 finalda Bubakar Mane (Qvineya-Bisau) ilə görüşəcək. Bu raunddan azad olan Uşangi Kokaurinin 1/16 finaldakı rəqibi Mark Desçenes (Kanada) - Voytsex Kordyalik (Polşa) cütlüyünün qalibi olacaq.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.