23 May 08:28
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda daha bir beynəlxalq idman tədbiri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Paytaxtda “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq Çelenci təşkil olunacaq. Tədbir iyunun 1-2-də baş tutacaq.

Yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq bütün insanları birləşdirəcək bu gimnastika bayramında Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin xarici ölkələrdən, ümumilikdə, 60-a yaxın komanda iştirak edəcək.

İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə çıxış edəcəklər. Bu möhtəşəm tədbir gimnastikanın sadəcə idman növü deyil, həm də sağlam həyat tərzi nümunəsi və əyləncə forması olduğunu bir daha sübut edəcək.

Əsl festival ab-havası yaşadacaq bu tədbir ustad dərsləri, komandaların rəngarəng yürüşləri, hər yaş qrupunun zövqünə xitab edəcək əyləncə proqramları ilə yadda qalacaq. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə start götürəcək festival Qala şou ilə davam edəcək.


Müəllif: Teleqraf.com