Rusiya Şimali Koreya ilə pakt imzalamaqla Qərbə qarşı mübarizəni kəskinləşdirdiyini göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Apnews" yazır.
Nəşr qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putinin addımları ABŞ və Cənubi Koreyada narahatlığı artırıb. Vaşinqton və Seulda hesab edirlər ki, Rusiya Ukraynaya qarşı müharibə üçün lazım olan silahları Şimali Koreyadan alır və bunun müqabilində Pxenyanın nüvə proqramının imkanlarını artıracaq texnologiya və pul verir.
Mənbə həmçinin Putinin Rusiyanın BMT-də Şimali Koreyaya qoyulan sanksiyaları yumşaltmaq üçün səy göstərəcəyinə dair sözlərindən sitat gətirir. Nəşrin yazdığına görə, bu, Moskvanın sanksiyaların pozulması ittihamlarından qaçmaq üçün Şimali Koreyanı qeyri-rəsmi şəkildə silahla təmin edə biləcəyinə dair açıq siqnal oldu.
Bununla yanaşı, nəşr qeyd edir ki, Çin də Şimali Koreya ilə Rusiya arasında əməkdaşlığın güclənməsindən narazıdır. Çünki belə bir əməkdaşlıq Şimali Koreyaya Pekindən asılılığını azaltmağa imkan verə bilər.
Prezident Putin ötən günlərdə Şimali Koreyaya səfər edib və burada həmkarı Kim Çen Inla görüşüb. Görüşdən sonra Rusiya lideri deyib ki, Qərbin Ukraynaya hərbi dəstəyinin artmasına cavab olaraq, Moskva Şimali Koreyaya yüksək dəqiqlikli silahlar ötürə bilər.
Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolosun sözlərinə görə, Putinin Şimali Koreyaya səfəri Kim Çen Inın israrlı xahişinə cavab idi. İsrarın arxasında isə qarşılıqlı anlaşma ilə müəyyən hərbi texnologiya və silahların mübadiləsi məqsədi var.