23 İyun 09:10
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündəlik həyatımızda demək olar ki, hər yerdə qulaqlıqla musiqi dinləyən insanlarla rastlaşırıq. Xüsusən gənclər arasında qulaqlıqların istifadəçiləri çoxluq təşkil edir. Texnologiyanın inkişafı ilə simli qulaqlıqları simsiz qulaqlıqlar “Airpods” lar əvəz edir.
Hesab edilir ki, qulaqlıqlar vasitəsilə yüksək səsə məruz qalma qulaqdakı həssas hüceyrələrə zərər verə bilər. Qulaqlıqlar həqiqətən eşitmə itkisinə səbəb ola bilərmi?

Teleqraf.com-a danışan otorinolarinqoloq Dilşad Şadlinskaya qulaqlıqlardan nəzarətsiz istifadənin eşitmə itkisi yaratdığını deyir:

“Qulaqlıqlardan istifadənin artması özü ilə bir çox qulaq problemlərini, o cümlədən daimi eşitmə itkisini gətirir. Dinlədiyimi mahnıların səs yüksəkliyi eşitmə zəifliyi yaradır.

Yüksək səslə musiqi dinləmək qulaq sinirinin həssaslığının ölməsinə səbəb olur. Həssaslıq öldüyünə görə eşitmə sinirində zədələnmələr yaranır. Bu zaman eşitmə zəifliyi başlayır. Bundan əlavə qulaqlıqları vaxtı-vaxtında təmizləmədikdə qulaq keçəcəyimizdə iltihabi proseslər yarana, infeksiyalar düşə bilər. Başqa birinin qulaqlıqlarından istifadənin də bizə mənfi təsirləri var. Adətən öz-özünə keçdiyi və insanlar hələ də eşitmə itkisini dərk edə bilmədiyi üçün başlanğıcda çox diqqət edilmir. Hər dəfə zədələnən daxili qulaq bir müddət sonra özünü bərpa edə bilmir. Nəticədə daimi eşitmə itkisi yaranır".

Həkim bu şikayətlərlə müraciət edən pasientlərin olduğunu vurğulayır:

“Ən çox musiqiçilərdə rastlaşırıq. Onlar daha yüksək səsə məruz qalırlar. Gənclər arasında rast gəldiyimiz olur. Qulaq sağlamlığı üçün ilk növbədə səs-küylü mühitlərdən qaçmaq lazımdır, bu mümkün deyilsə, qulaq qoruyucu tıxaclardan istifadə etmək olar. Qulaqlıq ilə musiqi dinləyəcəksinizsə, qulaqlıqların səsi 60 faizdən çox açılmamalı və fasiləsiz istifadə müddəti bir saatdan çox olmamalıdır. Digər orqanlar kimi qulaqlarımız da yorulur və istirahətə ehtiyac duyur. Buna görə də qulaqları qorumaq üçün istirahət fasilələri verilməlidir. Diqqət edilməli olan digər vacib məqam isə qulaqlıqlarla musiqi dinləyərək yatmamaqdır. Qulaqlıq seçərkən fon səs-küyünü azaldan, yaxşı səs izolyasiyasına malik cihazlara üstünlük verilməlidir. Eşitmənin pozulmasından başqa qulaqlıqlardan uzun müddət ərzində musiqiyə qulaq asmaq sinir sisteminə də mənfi təsir edir — insanda gərginliyə, diqqətin pozulmasına, baş ağrılarına, təzyiqin yüksəlməsinə səbəb olur. Həddən artıq səs tonu qulağımızda travma yaradır”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər