“İdmançılarımız ilk Avropa Oyunlarında yüksək nəticələr nümayiş etdirməli və ölkəmizə medallar qazandırmalıdırlar”.
Bu barədə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idman federasiyalarının ilk Avropa Oyunlarına hazırlıq səviyyəsinə həsr olunmuş hesabat görüşündə deyib.
Nazir qeyd edib ki, bunun üçün idmançılarımıza hər cür şərait yaradılıb. A.Rəhimov bildirib ki, Azərbaycanda dövlət tərəfindən idmançılara böyük diqqət göstərilir. Nazir bildirib ki, bütün bunlar qarşısında idmançılarımız da yüksək nəticələr əldə etməlidirlər.
İdmançılarımızın London Olimpiyada Oyunlarında yüksək nəticələr nümayiş etdirdiyini xatırladan nazir qeyd edib ki, ilk Avropa Oyunlarında bundan da yüksək nəticələr əldə olunmalıdır.
A.Rəhimov əlavə edib ki, ilk Avropa Oyunları Azərbaycanın tarixində ən böyük hadisədir. O bildirib ki, bu Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işlər görülür: “Görürsünüz nə qədər işlər aparılır, Bakının simasi dəyişir, yeni yollar, idman kompleksləri tikilir”.
Nazir əlavə edib ki, aprel ayında bütün idman kompleksləri təhvil veriləcək: “Onların bəziləri artıq təhvil verilib. Həm təhlükəsizlik baxımından, həm də nəqliyyat işləri baxımından bütün işlər görülür, heç bir gecikmə yoxdur”.
A.Rəhimov ilk Avropa Oyunları zamanı 18 min könüllünün fəaliyyət göstərəcəyini də diqqətə çatdırıb.