Dünya Güləş Birliyi 2015-ci ilin iyunda keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Sərbəst güləşçilərimizdən 11-i beynəlxalq reytinq siyahısında öz yerlərini tutub.
Ötən ay Bakıda keçirilən ilk Avropa Oyunlarında sərbəst güləşçilərimizin qazandığı 2 qızıl və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib. Belə ki, Avropa Oyunlarının qızıl medalçısı Xetaq Qazyumov uzun müddət reytinqdə 2-ci olsa da, bu qələbədən sonra 97 kiloqram çəki dərəcəsində reytinqin 1-ci pilləsində qərarlaşıb.
Avropa Oyunlarının digər qızıl medalçısı Toğrul Əsgərov 17-ci sıradan, bürünc medalçı Cəmaləddin Məhəmmədov isə 14-cü sıradan 6-cı sıraya yüksəlib. Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Şərif Şərifov (97 kq) da ilk onluqda qərarlaşan idmançılardandır.