Avqustun 27-də Azərbaycanın iki futbol klubu Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında sərfəli nəticə qazanaraq qrup mərhələsinə adlayıb. "Qəbələ" səfərdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşıb. Komandamız əldə etdiyi məhsuldar heç-heçə sayəsində mərhələni keçərək qruplarda oynamaq hüququ əldə edib.
Digər futbol klubumuz "Qarabağ" isə doğma divarlar arasında İsveçrənin "Yanq Boyz" komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Bununla da, Azərbaycan futbolu tarixində bir ilk yaşanıb və eyni zamanda, iki komandamız Avroliqanın qrup mərhələsində çıxışı təmin edib. Klublarımızın bu zəfəri ölkədə böyük coşğu ilə qarşılanıb. Gecə saatlarında paytaxt küçələrində futbol azərkeşləri hər iki komandanın bayrağını qaldırıb, şüarlar səsləndiriblər. Oyundan sonra Yunanıstandan birbaşa Qəbələ şəhərinə gələn eyniadlı komanda şəhər sakinləri tərəfindən böyük hörmət və sevinc hissi ilə qarşılanıb.
Tale Heydərov: "İnanıram ki, yaxşı nəticələr göstərəcəyik"
Möhtəşəm zəfəri şərh edən "Qəbələ" Futbol Klubunun prezidenti Tale Heydərov bildirib ki, bu, onlar üçün tarixi oyun olub: "Biz bunu bilirdik. Bu oyun bizim üçün bir şans idi. 4 mərhələ keçmək və qrupa düşmək Qəbələ futbolu üçün ilk idi. Mən şadam ki, bu gün həm digər təmsilçimiz "Qarabağ", həm də biz uğurlu çıxış elədik və qrupa düşdük. Hisslərimi, sevincimi ifadə etməkdə çətinlik çəkirəm. Həqiqətən bu, böyük nailiyyətdir, böyük qələbədir. Biz böyük bir komandanı, böyük tarixə malik bir klubu yolumuzdan kənarlaşdırdıq. Üstəlik, biz buna öz meydanımızda deyil, səfər matçında nail olduq. Əgər qrupa qədər yüksələ bilmişiksə, bundan sonra əlimizdən gələni göstərəcəyik ki, gözəl çıxış edək. Bilirsiniz ki, qrupda zəif komanda yoxdu. Bizdən qat-qat güclü komandalar var. Ən əsası odur ki, biz klubumuzu və ölkəmizi layiqincə təmsil edək. İnanıram ki, yaxşı nəticələr göstərəcəyik".
"Qəbələ" Futbol Komandasının baş məşqçisi Roman Qriqorçuk da sevincini gizlətməyib: "Panatinaikos" fanatlarının ilk dəqiqələrdən çılğınlığı bizə müəyyən problem yaratdı. Belə olacağını əvvəldən bilirdik. Matça yaxşı hazırlaşmışdıq. İlk qolu vurandan sonra müdafiəyə erkən çəkildik. Bu isə Yunanıstan klubunun aqressiv oynayıb, hücuma atılmasına, nəticədə qapımıza yol tapmasına şərait yaratdı.
Komandamızda güclü futbolçular var. UEFA Avropa Liqasında ən azından daha 6 oyun keçirəcəyik. Eyni zamanda, çempionat və kubokda da mübarizə aparacağıq. Qarşıdakı bütün bu turnirlərdəki oyunlara köklənməliyik".
"Bu komandanı çalışdırmaq böyük məsuliyyətdir"
Qarabağ Futbol Komandasının baş məşqçisi Qurban Qurbanov: "Demək olar ki, 70-ci dəqiqədən sonra oyunun tempi düşmüşdü. Düşündük ki, milli komandaya gedən futbolçulara istirahət verək. Əfran hələ tam formasını bərpa etməyib. İnanıram ki, millinin düşərgəsindən qayıdandan sonra hər şey qaydasında olacaq. "Qarabağ"ın baş məşqçisi olduğum vaxtdan böyük stressdəyəm. Həqiqətən, bu komandanı çalışdırmaq böyük məsuliyyətdir. Ən azından məcburi köçkünlərimizə az da olsa, sevinc yaşadırıq. İndi 3-4 gün vaxtımız var. Çalışırıq ki, istədiyimiz futbolçunu transfer edək".
Qüdrət Həsənquliyev: "Xalqımız sizdən daha böyük uğurlar gözləyir"
Ölkə siyasətçiləri də, bu zəfərə biganə qalmayıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Avroliqanın pley-off mərhələsində qazandıqları uğur münasibəti ilə "Qarabağ" və "Qəbələ" klublarını təbrik edib. Təbrikdə qed olunur ki, Azərbaycan futbol ölkəsi kimi tanınmasa da, "Qarabağ" futbol klubunun 2-ci dəfə, "Qəbələ"nin isə ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması futbolumuzun böyük uğuru kimi qiymətləndirilməlidir: "Bu qələbələri sevinclə qarşılayan xalqımız sizdən daha böyük uğurlar gözləyir".
Fazil Qəzənfəroğlu: "Qarabağ"a və "Qəbələ"yə alqış düşür"
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu əldə olunan qələbəyə özünəməxsus formada münasibət bildirib: "Belə görünür ki, qələbə qazanmaq üçün bütün futbol komandalarımızı adlarının başlığına "Q" hərfi qoymaq barədə düşünməlidirlər. Bu gün "Qarabağ" və "Qəbələ", sabah da, Qazax, Quba belə bir uğuru nədən qazanmasın?! Xoş təsadüf oldu ki, Bakının deyil, məhz bölgələrin komandaları belə bir uğur qazandı. Həm "Qarabağ"a, həm də "Qəbələ"yə, həqiqətən, alqışlar düşür. İndi AFFA-ya təklif edirəm ki, bu komandaların oyunlarını bölgələrdə keçirməyin mümkünlüyünü düşünsün. Məncə, Lənkəran stadionu standartlara uyğundur, elə Qəbələnin stadionu da normaldır. Bu regionlarda futbolun canlanmasına təkan ola bilər".
Rövnəq Abdullayev: "Ümid edirəm ki, uğurlu mərhələnin başlanğıcı qoyuldu"
AFFA-nın prezidenti, millət vəkili Rövnəq Abdullayev də "Qarabağ" və "Qəbələ" klublarının UEFA Avropa liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini açıqlayıb. AFFA-nın saytına danışan R.Abdullayev klublarımızı bu uğur münasibəti ilə təbrik edib: "Avropa Liqasında çıxış edən hər iki təmsilçimizin - "Qarabağ" və "Qəbələ" klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni və ümid edirəm ki, davamlı və uğurlu olacaq bir mərhələnin başlanğıcını qoydu. İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir. Ölkəmizin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan "Qarabağ" və "Qəbələ" klublarını təbrik edir, qarşıdakı oyunlarda qələbə sevinci arzu edirəm".
Erkin Qədirli: "Futbolun gücünü kiçiltməyə dəyməz"
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də əldə olunan qələbəyə görə sevinib. Siyasətçi sosial şəbəkələrdə yazıb ki, qələbə onu məmnun edib: "Mən də Avropa Liqasının qrup mərhələsinə çıxmış "Qarabağ" və "Qəbələ" komandalarını və azarkeşlərini təbrik edirəm!"
Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli hesab edib ki, futbolun gücünü kiçiltməyə dəyməz: "Bu arada, bir az gec də olsa, "Qarabağ" və "Qəbələ" futbol komandalarının qələbəsi qutlu olsun! Qrup yarışlarında uğurların davamını görək. Millətimizin uğurlara ehtiyacı var. Futbolun gücünü kiçiltməyə dəyməz. Futbolda uğurların milli birliyin, hətta millətçiliyin güclənməsində rolu ola bilir".
"Bol-bol qələbələr arzulayıram"
ADR Hərəkatının sədri Qubad İbadoğlu da klublarımızın qələbəsinə sevindiyini bəyan edib: "Eyni gündə "Qarabağ" və "Qəbələ" futbol komandaları Avroliqada yarışdı. Hər ikisi qazandı. Onların hər birinin qələbəsi bizi sevindirdi. Mən idman arenasında məkan adı ilə tanınan bu iki komanda arasında heç bir fərq qoymaq, onların birini digərlərindən fərqləndirmək istəməzdim. Amma həqiqətən də, "Qarabağ" adlı komandanın uğuru ilə yanaşı, adı da hər bir Azərbaycanlı üçün iftixar və qürur məsələsidir. Görünən yalnız vətənimizi mötəbər yarışlarda "Qarabağ" adı ilə təmsil edən futbol komandasının Avropa səviyyəli turnirdə uğurla çıxış etməsindən doğan sevincin nümunəsi deyil, həm də Azərbaycanın Qarabağ adında dilbər güşəsi ilə bağlı nisgilinin ifadəsi idi. Həm "Qarabağ"a, həm də "Qəbələ"yə növbəti mərhələlərdə bol-bol qələbələr arzulayıram".
Qeyd edək ki, artıq sosial şəbəkələrdə 27 avqust tarixinin Azərbaycanda futbol günü kimi qeyd edilməsinə dair təklifləri irəli sürülür.
NEMƏT