12 Sentyabr 2015 17:48
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər Lənkəran" bir növ haqsızlıqla üzləşib. Bu, FİFA-nın qərarı ilə bağlıdır".

"Report"un xəbərinə görə, bunu "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

FİFA-nın kluba tətbiq etdiyi transfer qadağası ilə bağlı keçirilən mətbuat konfransında T.Nadirov məsələni bu cür izah edib: "2014-cü ilin avqustunda qərar çıxıb və oktyabrında kluba ünvanlanıb ki, növbəti 2 qeydiyyat dönəmində futbolçuların transferi qadağan olunsun. Bu qadağa da avqustun 31-də qüvvədən düşüb və klub yeni futbolçu cəlb etmək hüququna malikdir. Qeyd olunub ki, bu şikayət 2011-ci ilin noyabrında verildiyi üçün "Xəzər Lənkəran"a qarşı 2010-cu ilin reqlamenti tətbiq olunub. Göstərilib ki, 2 transfer pəncərəsindən sonra futbolçu sifariş edə bilərik. Biz də buna əsaslanaraq bir sıra futbolçularla müqavilə imzaladıq".

T.Nadirov AFFA tərəfindən də FİFA-ya məktub göndərildiyini deyib: "Əfsuslar olsun ki, AFFA tərəfindən FİFA-ya ünvanlanan məktubun cavabında ali futbol qurumu bildirib ki, 2012-ci ilin reqlamentinə əsasən, yeni oyunçuların qeydiyyatdan keçirilməsi ancaq yeni transfer pəncərəsində baş tuta bilər. Biz də öz növbəmizdə FİFA-ya müraciət etdik və onlar da bizə məktub göndərdilər. Cavaba əsasən, məqsəd odur ki, klub zəifləsin və yarışlara zəif heyətlə çıxsın".

O, yeni transferlərin taleyinə də aydınlıq gətirib. Vitse-prezident transfer zamanı heç bir pozuntuya yol vermədiklərini deyib: "Cəzalı klublar 6 ay əvvəldən transfer edə bilər. Hazırkı heyətdə həm zədəli, həm də cəzalı futbolçular var. Həmin futbolçularla söhbət edəcəyik və onlarla yenə danışacağıq. Elə düşünürəm ki, oyunçular da səbr edib gözləyər. Başa düşürük ki, onlar futbolçudur və oynamaq istəyir. Sentyabrın sonuna qədər bu məsələ öz həllini tapacaq. Çünki biz haqlı olduğumuzu bilirik. AFFA da bu məsələyə biganə qalmır və kluba dəstək verirlər. "Xəzər Lənkəran" Avropa Klubları Assosiasiyasının (ECA) üzvüdür və onların hüquqşünası da bizi dəstəkləyir. Biz çalışacağıq ki, klubumuza vurulan zərər hər hansı bir kompensasiya şəklində ödənilsin.

Bu məsələ təxminən 10 gündən artıq çəkəcək. Bu da bütün komanda üçün ağır dönəmdir. Bizim hazırda çalışdığımız odur ki, FİFA-nın bu məktubunu İdman Arbitraj Məhkəməsi (CAS) yekun qərar kimi qəbul etsin. Qurum qərar verəndə ola bilər ki, transfer qadağası götürülsün".

T.Nadirov qeyd edib ki, "Xəzər Lənkəran" son üç mövsümdə 30-dan çox transfer edib: "Yeni məşqçi gəlir və futbolçu istəyir. Başqa bir baş məşqçi gəldikdə isə özündən əvvəlki həmkarının futbolçuları ilə işləmək istəmir. 30 futbolçunun 2-3-ü ilə aramızda anlaşılmazlıq olursa, burada qeyri-adi bir şey yoxdur. Burada problem odur ki, bütün əcnəbi futbolçularla olan problemə FİFA-da baxılır. Ancaq 10 şikayətə burada baxılsa, daha sonra narazılıq olsa, FİFA-ya göndərilsə, onda bu rəqəm 10 yox, 1-2 olar. İnanıram ki, bununla bağlı federasiya tərəfindən iş görüləcək".

Klubun Marketinq departamentinin rəhbəri Ramil Cahangirov isə bildirib ki, mübahisə olunan məsələ düzgün reqlamentin tətbiqidir: "Onlar heç bir əsas olmadan azad agent statuslu oyunçuların keçidinə qadağa qoyub. Qadağa komandanı zəiflətmək üçündür. Biz bununla razılaşmırıq. Klub öz mövqeyini çatdırmaq üçün CAS-a apelyasiya şikayəti verməyə hazırlaşır. Bu şikayət tam əsaslı şəkildə təqdim olunacaq. Bu asan proses deyil, amma klubun mövqeyini çatdırmaq üçün bunu mütləq etməliyik".


Müəllif:

Oxşar xəbərlər