13 Sentyabr 2015 13:57
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı başa çatıb.

Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələnib.

Çempionatın son günündə sərbəst güləş üzrə 57, 70, 74 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 gümüş medalla tamamlayıb.

Son gündə mübarizəyə qoşulan güləşçilərimizdən Cəmaləddin Məhəmmədov (125 kq) finala qədər bütün rəqiblərini böyük fərqlə məğlub edib. İlk olaraq İraqlı Mohammed Sabah, ardınca Yaponiya təmsilçisi Nobuyoşi Arakidanı məğlub edən Cəmaləddin, 1/4 finalda Monqolustan güləşçisi Çuluunbat Jarqasaixanı təmiz qələbə ilə üstələyərək, həm yarımfinala yüksəlib, həm də Rio Olimpiadasına vəsiqəni təmin edib. Cəmaləddin Məhəmmədov Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanan 11-ci güləşçimiz olub. Yarımfinalda Gürcüstan təmsilçisi Geno Petriaşvilini 57 saniyədə diz çökdürən güləşçimiz finala yüksəlib. Finalda Cəmaləddinin rəqibi Türkiyəli Avropa və Dünya çempionu Taha Akgül olub. Görüşü məğlub başa vuran güləşçimiz Dünya çempionatını gümüş medalla başa vurub.

57 kq
1/16 final - Marsel Evald (GER) - Mahir Əmiraslanov 0:7
1/8 final - Yuki Takahaşi (JPN) - Mahir Əmiraslanov 5:3

70 kq
1/16 final - Dejan Mitrov (MKD) - Ruslan Dibirhacıyev 0:10
1/8 final - Bekzod Abduraxmonov (UZB) - Ruslan Dibirhacıyev 4:2

74 kq
1/16 final - Stefan Reixmut (SUİ) - Cəbrayıl Həsənov 0:6
1/8 final - Cəbrayıl Həsənov - Anuar Geduev (RUS) 0:4

125 kq
1/16 final - Cəmaləddin Məhəmmədov - Mohammed Sabah Abdulmalek Saklave (İRQ) 10:0
1/8 final - Cəmaləddin Məhəmmədov - Nobuyoşi Arakida (JPN) 11:0
1/4 final - Çuluunbat Jarqalsaixan (MGL) - Cəmaləddin Məhəmmədov 0:4 (təmiz qələbə) (Olimpiadaya lisenziya qazandı)
1/2 final - Geno Petriaşvili (GEO) - Cəmaləddin Məhəmmədov 0:10
FİNAL - Cəmaləddin Məhəmmədov - Taha Akgül (TUR) 0:10

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.


Müəllif:

Oxşar xəbərlər