"Hər şeydən əvvəl Allaha şükür edirəm ki, bu gün mənə meydana qayıtmaq imkanı verdi. Ailəmə təşəkkür edirəm ki, həmişə məni dəstəkləyib. Ailəmə təşəkkür edirəm ki, bu günədək mənim sağalmağımı gözləyib".
Sportnet.az-ın yaydığı məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın uzunmüddətli zədədən qayıdan futbolçusu Çumbinyo deyib. 29 yaşlı yarımmüdafiəçi zədəli olduğu müddətdə həyati baxımdan çox şey öyrəndiyini bildirib. O, artıq davamlı olaraq oynayacağına ümid etdiyini söyləyib: "Təbii ki, meydana qayıdıb ot üzərinə çıxanda fərqli atmosferi hiss etmək mənim üçün olduqca müsbət hissdir. Ümumilikdə isə "Qarabağ"da öz işimə davam edirəm. Komandadakı hər kəsə hörmətlə yanaşaraq, öz üzərimdə durmadan çalışacağam. Yaşıl meydanlara qayıtdığım üçün çox şadam. Bundan da önəmlisi odur ki, bu gün "Qarabağ" qalib gəlib. Ona görə də olduqca məmnunam. Hər kəsə təşəkkür edirəm".
Çumbinyo "Qarabağ"ın oktyabrın 23-də Fransada "Monako" ilə keçirəcəyi Avropa Liqasının III tur matçından da danışıb: "Qurban Qurbanov futbolçuların imkanlarını düzgün dəyərləndirməyi bacarır. Əminəm ki, baş məşqçimiz komanda üçün ən uyğun qərarı verəcək və ən hazırlıqlı futbolçuları meydana buraxacaq. Çətin qrupa düşmüşük, amma mərhələ adlamağımız mümkünsüz deyil".
Qeyd edək ki, Çumbinyo 2014-cü il sentyabrın 18-də "Qarabağ"ın Fransa "Sent-Etyen"i ilə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında zədələnib. Braziliyalı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdışı 13 ayadək çəkib.