5 Dekabr 2015 14:05
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kikboks üzrə 5 qat dünya çempionu Pərviz Abdullayevi mühüm döyüş gözlədiyi barədə xəbər vermişdik. İdmançımız, nəhayət, arzusuna çatıb.

Belə ki, “Kobra” ləqəbli idmançı dünən Bakı vaxtı ilə saat 23:00-da Mərakeşdən olan Hollandiya təmsilçisi Aziz Kallahla baş tutan döyüşdə qalib gəlib.

Azərbaycanın və “Qəbələ” İK-nın idmançısı keçirdiyi döyüşlə bağlı Publika.az-a danışıb. O, döyüşün çətin keçdiyini bildirib:

“Sevindirici haldır ki, ilk azərbaycanlı olaraq “Glory de Super Fight” döyüşündə iştirak etdim və qələbə qazandım. Döyüşün hər 3 raundunda mən üstün oldum. Rəqib daha çox tutaraq döyüşürdü. Düzdür, onun belə döyüşməsi məni yorurdu. Lakin mən var gücümlə döyüşdüm. Buna görə də hər 3 raundun nəticələrinə görə hakimlər qələbəni mənə verdilər.”

Onu da bildirək ki, karate üzrə dünya çempionu, FHN-nin idman-sağlamlıq klubunun rəisi, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti polkovnik Füzuli Musayev də idmançımızı dəstəkləmək üçün Amsterdamda olub.

Qeyd edək ki, döyüş Hollandiyanın Amsterdam şəhərində keçirilib. Bu turnirdə kikboks sahəsində dünyaca məşhur, demək olar ki, əfsanə sayılan idmançılar mübarizə aparır.

P.Abdullayev bu yarışda “super fight” – yəni gecənin döyüşündə çıxış edib.

Dünya çempionu Publika.az-a müsahibəsində bu yarışda iştirak etməyin onun çoxdankı ən böyük arzusu olduğunu demişdi.


Müəllif:

Oxşar xəbərlər