"Çelsi"nin hücumçusu Dieqo Kosta yenidən diqqət mərkəzinə düşüb.
Braziliya əsilli futbolçu ilə "Portu"nun qapıçısı İker Kasilyas arasında gərginlik yaşanıb.
Bu, Çempionlar Liqasının qrup mərhələsinin son turunda keçirilən "Çelsi" - "Portu" matçının (2:0) 20-ci dəqiqəsinə təsadüf edib. Kosta çıxmaqda olan topu ələ keçirən Kasilyasa badalaq vurmaqla onu yerə yıxıb. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Lakin matçın türkiyəli baş hakimi Cüneyt Çakır tərəfləri sakitləşdirə bilib. Referi bu hərəkətinə görə Kostanı sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, Kosta daha öncə Premyer Liqada "Arsenal"la matçın 43-cü dəqiqəsində rəqibini təxribata çəkərək onun meydandan qovulmasına səbəb olub.