Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının 6 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Nikoyl" İKB ASC-nin 1, 2, 9 və 13 saylı filiallarının fəaliyyətinə xitam verilərək bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazələr ləğv edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, icazələrin ləğv olunmasına səbəb filiallarda sağlam kreditləşmə normalarına riayət edilməməsi, kassa əməliyyatlarında qanun pozuntusuna yol verilməsi, habelə uçotun təhrif edilməsidir. Bundan əlavə, yerində baxış zamanı bankın filiallarında olan mübadilə kassalarındakı faktiki qalığın balans məlumatından kənarlaşması müəyyən edilib.
Həmçinin "Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri"nin tələbləri gözlənilməyib. Palata xarici valyuta ilə istehlak kreditlərinin verilməsinin 2016-cı il aprelin 5-dən bir ay müddətinə qadağan etməsinə baxmayaraq xarici valyutada istehlak kreditlərinin verilməsi faktları aşkarlanıb.