20 Sentyabr 2016 17:13
2 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qiyməti yüksək olan villalar icarəyə verilir. Qiymətlər adi təsəvvürlərdən kənardır... Həmin villaların bir neçəsini qiymətləri ilə birgə təqdim edirik.

Bilgəh qəsəbəsində dənizdən 15-20 dəqiqəlik piyada məsafədə yerləşən, 2 mərtəbə, mansarda, 5 otaq, 600 kvadrat metr yaşayış sahəsi olan villa günlük icarəyə təqdim olunur. Bir günlük icarə qiyməti 1500 manat, aylıq isə 12 min manatdır.

Mərdəkanda 2 mərtəbəli 7 otaqli həyət evinin ümumi sahəsi 225 kvadrat metrdir. Həyətdə ayrica köməkçi 67 kvadrat metr sahəsi olan çay evi, 64 kvadratmetr qonaq evi tikilib. Hovuz, köşk, manqal, tennis kortu var. Özəl generator, WI-FI, tam kamera görüntüsü ilə təmin olunub. Aylıq qiyməti 12 min 500 manatdır.

Mərdəkan qəsəbəsində 5 otaqlı, sahəsi 380 kvadrat metr, saunası, hovuzu, yaşıllıq zolağı, istirahət otağı olan evin aylıq qiyməti isə 8 min manatadır.

30 ildir ev alqı-satqısı və icarəsində vasitəçi olan Araz Abdulkərimov deyir ki, Bakıda bahalı villa icarəyə götürənlər az deyil: “Ən gec 2 aydan bir 10 min manatlıq villa icarəyə verilir. Qiymətlər paytaxtın bölgələri üzrə dəyişir. Villaların icarə qiymət 600 manatdan başlayır, 10 min manata kimi davam edir. Həmin qiymətə olan villalar daha çox “Gənclik” metrosunun yaxınında, Mərdəkan və Bilgəh kimi dənizkənarı ərazilərdə olur”.

Araz Abdulkərimovun sözlərinə görə, bahalı villalar yaşamaq üçün götürülmür: “Səfirlər, xarici şirkət nümayəndələri villaları çox zaman bir neçə günlüyə götürürlər. Bununla yanaşı, bahalı villalarda da yaşamaq istəyənlər də az deyil. Elə əcnəbilər olur, ailəsi ilə villada yaşamaq istəyir. O zaman villalar 3-6 min arası qiymətə aylıq icarəyə verilir”.

Maklerin sözlərinə görə, pullu-imkanlı azərbaycanlılar villa icarəyə götürmür, villanı özü tikir: “Bizim millət əlinə pul düşən kimi onu mülkə yatırır. Bir neçə villa tikir, bina evlərində mənzil alıb, onları icarəyə və ya kirayəyə verir. Mənim bir müştərimin Bakıda 5 villası var və onları müxtəlif qiymətlərə aylıq icarə buraxıb”.

Həmsöhbətim deyir ki, ayı 10 min manata olan villalar daha uzun müddətlik icarəyə götürülür: “Villa xoşlarına gəlməyəndə, problem yarananda yerini dəyişirlər. Keçən ay 600, 800, 3 min və 10 min manatlıq villalar icarəyə vermişik”.


İcarəyə verilən villaların qiymətini sahiblərin müəyyənləşdirdiyini deyən Araz Abdulkərimovun sözlərinə görə, makler qiymətə heç cür müdaxilə edə bilməz: “Bəzən müştərini aparırsan villaya baxmağa, görürsən, deyildiyi kimi deyil, evdə əşyalarda əskiklik var. Onda müştəri də villanı icarəyə götürməkdən imtina edir. Düşünmək lazımdır ki, insanlar 1 aylıq, 15 günlük villa icarəyə götürürsə, deməli, hər cür rahatlıq və təchizat istəyəcək”.

Əmlak Eksperti Ramil Osmanlı deyir ki, villaların icarəsində daha çox otaq sayının çoxluğu və görünüşü diqqət çəkir: “Məsələn, Rusiyada villalar daha çox funksionallağı, rahatlığı ilə seçilir və uyğun şərait nəzərdə tutulur. Amma Azərbaycanda ancaq görüşə üstünlük verilir. 2000-ci ildə Azərbaycanda tikilən villalar indi öz funksionallağını itirib. Əksər insanlar daha villa almır, torpaq alıb özləri villa tikdirirlər. Xərc də münasib olur, villa da şəxsin zövqünə uyğun başa gəlir”.

Ramil Osmanlının sözlərinə görə, villaların aylıq qiyməti onların yerindən çox asılıdır: “Bakı şəhərində evlərin, villaların satış və icarə qiymətləri həddən artıq bahadır. Əlbəttə, icarəyə verilən villaların qiyməti şişirdilib. Amma nəzərə almaq lazımdır ki, bazar dəyəri alıcı ilə satıcının razılaşmasından asılıdır. Məsələn, bir nəfər öz əmlakını 100 min manata satır, alıcı da həmin əmlaka o pulu verib alırsa, artıq onun bazar dəyəri meydana çıxır. O cümlədən villa 5 min manata verilirsə və onu icarəyə götürürlərsə, bu, real qiymət sayılır”.

Azərbaycanda bir çox pullu adamların villa tikib icarəyə verməyə maraq göstərdiyini vurğulayan ekspert deyir ki, Azərbaycanda villalar adətən, şərq üslubunda inşa olunur: “Bəzən vəzifəli şəxslər də villa tikib icarəyə yönəldirlər. Onlar daha çox maliyyə təminatçısı rolunda çıxış edirlər. Türkiyədə isə yanaşma bir qədər fərqlidir. Orada imkanlı şəxslər daha çox rahat şəraitli, Avropa və Qərb memarlıq üslubuna uyğun villa tikməyi üstün tuturlar”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər