15 Aprel 2017 17:12
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəinki öz ölkəsinin, həmçinin Avropa tarixində dərin iz qoymuş görkəmli sərkərdə və dövlət xadimi Napoleon Bonapartın (1769-1821) 1815-ci ildə Elba adasında sürgündən 100 günlük hakimiyyətə qayıtdıqdan sonra verdiyi ilk fərman imperiyanın baş vergiyığanını işdən çıxarmaqla bağlı olur.

Napoleon öz qərarını baş vergiyığanın vergiləri vaxtında və kifayət qədər yığa bilməməsi üzündən ordunun 1812-ci ildə baş tutan və tarixə “Xalqların döyüşü” adı ilə düşmüş döyüşdə məğlub olması ilə əsaslandırır. O bildirir ki, döyüşü uduzmasının əsas səbəbi vergiyığanın öz işində ciddi səhlənkarlığa yol verməsi ilə bağlıdır.

Zaman böyük sərkərdə və dövlət xadiminin haqlı olduğunu çoxdan sübuta yetirib. Axı, vergilər ta qədimdən indiyədək mövcud olmuş bütün dövlət quruluşlarında əsas gəlir mənbəyi rolunda çıxış edib. Müharibəni aparan isə canlı qüvvə ilə yanaşı puldur. Başqa sözlə desək, canlı qüvvənin ərzaq, geyim təminatının, silah-sursat və sair zəruri ehtiyaclarının pul vasitəsilə qarşılandığı hər kəsə bəllidir. Vergi işçisi yaxşı çalışmayanda, əhali büdcəyə ödəməli olduğu vergiləri tam həcmdə və vaxtında ödəməyəndə onu qorumalı olan ordunun Napoleon ordusunun üzləşdiyi durumla üzləşməsi qaçılmazdır. Necə deyərlər, öz ordusunu yedirtməyən xalq başqa orduları yedirtməyə məcbur olacaq.

“Vergiləri ödəyək – ordumuz qüdrətli olsun”

Azərbaycan Respublikası artıq 30 ilə yaxındır ki, Ermənistanla müharibə vəziyyətindədir. Vergilərin artıq qeyd etdiyimiz kimi tam həcmdə və vaxtında ödənilməsi ordumuzun qüdrətinin artmasının əsas amillərindən biri kimi çıxış edir. Əgər biz bu işdə vətənpərvərlik nümayiş etdirsək, işğal olunmuş torpaqlarımıza qayıtmaq arzumuz daha da tezləşə bilər. Burada bir məqamı qeyd etmək lazımdır ki, rüsum, sosial sığorta haqqı, cərimə və sair ödənişlərdən fərqli olaraq vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Hər bir fiziki və hüquqi şəxs vergi ödəməkdən yayınmamaqla ümumi qələbənin əldə edilməsi işinə öz töhfəsini vermiş olur. Əgər belə olsa, onsuz da iqtisadi və canlı qüvvə baxımından müharibə aparmaq imkanı olmayan Ermənistan daha çıxılmaz duruma düşəcək. Ümumiyyətlə, iqtisadi durumu pis olan heç bir ölkə uzunmüddətli dövrdə müharibə aparmaq imkanında deyil. Məhz buna görə də mahiyyət etibarilə ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Rezerv Sistemi (FES) yaranmayanadək heç bir ölkə uzunmüddətli müharibə aparmağa cürət etmirdi. 1913-cü ilin dekabrında FES yaradılır, 1914-cü ilin iyulunda isə dünyaya fəlakət gətirən Birinci dünya müharibəsi başlayır. Çünki FES yaradıldıqdan sonra dövlətlər öz pullarını ABŞ dollarına bağlamağa başlayırlar.

ABŞ isə dövlətləri dollarla təmin etməyə başlayır. Nəticədə bütün dövlətlər müharibədən böyük ziyanla çıxsalar da, ABŞ güclənmiş vəziyyətdə çıxır. Doğrudur, oxucular sual edə bilərlər ki, bundan öncə İngiltərə ilə Fransa arasında 100 illik müharibə baş verib. Məsələ ondadır ki, bu müharibə uzunmüddətli fasilələrlə 100 il, daha doğrusu 116 il (1337-1453) davam edib. Fransa və onun tərəfdarları ilə İngiltərə və onun tərəfdarları ordunu döyüş vəziyyətinə gətirmək üçün yalnız pul tapandan tapana döyüşləri davam etdiriblər.

Pul isə həmin dövrdə əsasən əhalidən toplanan vergilər hesabına əldə edilib. Mövzudan bir qədər uzaqlaşmış olsaq da, bunu yazmaqda məqsədimiz odur ki, vergilərin hər bir dövlət quruluşunun və xalqın həyatında nə qədər önəmli rol oynadığı hər kəs üçün bir daha aydın olsun.

Vergi Məcəlləsi: neçə əlavə və dəyişiklik edilib?

Milli Məclisin ötən il dekabrın 16-da keçirilən plenar iclasında Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik edilib. Layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri və sairəni əhatə edir.

Sözsüz ki, 201 dəyişiklik bir məcəllə üçün kifayət qədər böyük rəqəmdir. Bu, az qala məcəllənin yenidən yazılması deməkdir. Çünki Vergi Məcəlləsi özü cəmi 221 maddədən ibarətdir.

Əlavə və dəyişikliklər özündə nələri ehtiva edir?

Məcəllədə ciddi dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi hələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunarkən vergilər naziri Fazil Məmmədov bildirib ki, təqdim edilən qanun layihələri (Onu da bildirək ki, dekabrın 16-da Milli Məclisin plenar iclasında “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsi də qəbul olunub – S.Həmid) nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir.

Dəyişikliyə əsasən icbari tibbi sığorta və səhiyyə, tibb xidmətləri göstərən qurumların gəlirlərinin mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışının, buğda ununun və çörəyin istehsalının və satışının, quş ətinin satışının isə 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Digər bir dəyişikliyə görə, bundan sonra vergi yükünün azaldılması və pərakəndə ticarət fəaliyyətində əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanacaq. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərin ödənilməsindən azad ediliblər. Əvvəllər həmin məhsullar ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən digər məhsullar kimi bu məhsulların da tam dəyəri əlavə dəyər vergisinə cəlb olunurdu. Məcəlləyə edilən dəyişiklikdən sonra bu məsələ də tam həllini tapacaq.

Məcəlləyə edilən başqa bir dəyişiklik isə ödəmə qabiliyyətini itirmiş bankların əlavə dəyər vergisindən azad edilməsi ilə bağlıdır. Belə ki, ödəmə qabiliyətini itirmiş bankların restrukturizasiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Yeni layihədə əmanətçilərin maraqları da təmin olunub. Belə ki, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin gəlir vergisindən azad edilməsi müddəti 5 ilədək, yəni 2021-ci ilin fevralınadək artırılıb.

Bundan əlavə, Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə də aksiz dərəcələri artırılıb.

Qəbul olunmuş dəyişikliklərdən biri də bəzi fəaliyyət növlərinin sadələşdirilmiş vergiyə cəlb edilməsidir. Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Bu fəaliyyət növləri üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ, yəni 30 manat ödəyəcəklər. Xüsusi vurğulayaq ki, bu dəyişiklik müğənnilərə şamil edilməyəcək.

Fərdi foto, audio-video xidmətlər sahəsində fəaliyyət göstərən fiziki şəxslər də aylıq sabit məbləğ olaraq 30 manat ödəməli olacaqlar. Məişət cihazlarının təmiri, eləcə də fərdi yaşayış evlərində və mənzillərdə qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlərlə məşğul olanlar aylıq sabit məbləğ olaraq 10 manat ödəyəcəklər. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən bu təbəqədən olan şəxslər əvvəllər də sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınır, bəyannamə təqdim edir və əldə etdikləri gəlirdən vergiləri hesablayıb büdcəyə ödəyirdilər. Bundan sonra isə onlar daha rahat qaydada, heç bir hesablama aparmadan, bəyannamə tərtib etmədən müəyyən olunmuş sabit vergiləri dövlət büdcəsinə ödəyəcəklər.

“Soğan olsun, nağd olsun” deyimi ilə vidalaşmaq zamanıdır!

Artıq qeyd etdiyimiz kimi Milli Məclisin dekabrın 16-da qəbul etdiyi qanunlar arasında “Nağdsız hesablaşmalar haqqında” yeni qanun layihəsi də var. Qanuna əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bununla yanaşı banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergi Məcəlləsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş verginin tutulmasına dair müddəa da daxil edilib. Onu da qeyd edək ki, nağd qaydada xərclərin çəkilməsinə məhdudiyyətin qoyulması və pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması bütün vətəndaşlara deyil, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə tətbiq olunacaq. Offşor əməliyyatlarında əldə edilən gəlirlər də vergiyə cəlb olunacaq. Xərclərin süni şəkildə artırılması, transfer qiymətlərdirmə yolu ilə vergidən yayınmaya qarşı mübarizə də gücləndirilib. Ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı – offşor hesab edilən ərazilərdə təsis edilmiş şəxslərlə həyata keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin transfer qiymətləri tətbiq edilməklə vergiyə cəlb edilməsi üçün məcəlləyə müvafiq maddələr daxil edilib.

Müstəqillik dövrünün ən mütərəqqi qanunlarından biri – Vergi amnistiyası

Milli Məclisin payız sessiyasının ötən il dekabrın 30-da keçirilən son iclasında isə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi qəbul olunub. Bu qanun vergi ödəyicilərinin vergi yükünün azaldılmasını, sahibkarlığın inkişafının stimullaşdırılmasını və əlverişli biznes mühitinin formalaşdırılmasını nəzərdə tutur. Qanunda vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğinin silinməsi nəzərdə tutulmayıb. Söhbət faiz və maliyyə sanksiyaları üzrə borcların silinməsindən gedir. 2017-ci il yanvarın 1-nə vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları üzrə borclar bir dəfəyə istisnasız silinib. Maliyyə sanksiyaları üzrə yaranan vergi borclarının silinməsi isə 3 qaydada həyata keçirilib. Vergi ödəyiciləri tərəfindən 2017-ci il yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi silinib. Yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi silinib.

Nəhayət, vergi ödəyiciləri tərəfindən yanvar-mart ayları ərzində maliyyə sanksiyalarının 70 faizi ödənildikdə ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinib.

Bu qanun borcların məcburi ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci il yanvarın 1-nə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilib. Onu da bildirək ki, vergi amnistiyası ölkədə iqtisadi aktivliyin artırılmasına xidmət edir. Qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb və bunu tətbiq edən ölkələrdə iqtisadi güzəştlər müsbət nəticələr verib.

Səxavət HƏMİD


Müəllif: