Azərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri çərçivəsində İqtisadiyyat naziri, Azərbaycan hökuməti və İordaniya hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Əmmanda İordaniyanın sənaye, ticarət və təchizat naziri, komissiyanın həmsədri Yarub Qudahla görüşüb.
İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan-İordaniya iqtisadi əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələrin aparıldığı görüşdə Ş.Mustafayev bu il Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olduğunu bildirib. Ötən illər ərzində qarşılıqlı münasibətlərin inkişafında çox işlər görülüb. Bununla belə, hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulmasına stimul yaradır.
Ş.Mustafayev İordaniya şirkətlərini bu ilin mayında Bakıda keçiriləcək “Caspian Agro” və “WorldFood Azerbaijan” sərgilərinə dəvət edib. Enerji, turizm, nəqliyyat, təhsil və səhiyyə sahələrində də əməkdaşlıq imkanları genişdir. Vurğulanıb ki, e-vizanın tətbiqi nəticəsində ötən il İordaniyadan Azərbaycana gələn turistlərin sayı 55 faiz artıb. Turizm və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakı-Əmman birbaşa aviareysi açıla bilər.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Əmmanın Bədr rayonunda ümummilli lider Heydər Əliyev adını daşıyan meydanı ziyarət ediblər.
Əmmana səfər çərçivəsində Ş.Mustafayevin İordaniyanın Xarici İşlər naziri Ayman Al Safadi ilə görüşündə Cənubi Qafqaz və Yaxın Şərq regionlarındakı vəziyyətə dair qarşılıqlı məlumat və fikir mübadiləsi aparılıb. Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud vəziyyət barədə İordaniya tərəfini məlumatlandırıb. Münaqişə ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İordaniya tərəfinə bir daha təşəkkür edib. İqtisadiyyat naziri ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlıq etdiyini qeyd edib, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq əhəmiyyətli nəqliyyat və enerji layihələri barədə məlumat verib.
İordaniyanın Xarici İşlər naziri Ayman Al Safadi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.