Avqustun 11-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Xəzər - mehriban qonşuluq” təşəbbüsü çərçivəsində ÜGT-nin “Qlobal Qalxan” proqramının növbəti təlim kursu işə başlayıb.
Teleqraf.com-un məlumatıa görə, “Xəzər mehriban qonşuluq” təşəbbüsünü 2013-cü ildə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi ilə birlikdə irəli sürüb. Bu təklifi ÜGT bəyənib və onu “Qlobal Qalxan” proqramına daxil edib. “Qlobal Qalxan” ÜGT-nin proqramı olub, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, eləcə də İnterpolun dəstəyilə və ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilməklə həyata keçirilir.
Sözügedən təşəbbüsə uyğun olaraq, Bakıda Əfqanıstan Gömrük Xidməti hüquq-mühafizə bölmələrinin əməkdaşları üçün ildə üç dəfə ikihəftəlik təlim kursları təşkil edilir. Bu kurslar partlayıcı maddələrin hazırlanmasında istifadə olunan kimyəvi vasitələrin aşkar edilməsi üzrə nəzarətçi-təlimçilərin hazırlığına dair keçirilir.
Budəfəki kurs “Xəzər mehriban qonşuluq” təşəbbüsü çərçivəsində üçüncü təlim məşqləridir. Təlim kursunun açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı kimyəvi silah və döyüş sursatlarının qaçaqmalçılığı ilə mübarizə sahəsində mütəxəssislərin hazırlanmasının zəruri və aktual olduğunu vurğulayıb. Güloğlan Muradlı Azərbaycan Gömrük Xidmətinin sözügedən sahədə təcrübəsindən söz açmış, bu bilik və təcrübəni Əfqanıstan tərəfi ilə bölüşməyin ümumi işə böyük fayda gətirəcəyinə əminliyini ifadə edib.
Ümumdünya Gömrük Təşkilatının Qlobal Qalxan Proqramı Təlim rəhbərinin Joao de Olivyera Rodriqes tədbir iştirakçılarına təlim kursunun məqsəd və vəzifələrindən bəhs edib.
ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin əməkdaşı Aydın İmaşov kimyəvi silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində daha effektiv mübarizə aparmaq üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Sonra təlim kursu işə başlayıb, mövzu ətrafında ilk məruzələr dinlənilib və müzakirələr keçirilib.
Qeyd edək ki, təlim məşqlərində iştirak etmək üçün Bakıya Əfqanıstandan böyük nümayəndə heyəti gəlib. Kursun iştirakçılarının Azərbaycan Gömrük Xidmətinın xüsusi bölmələrinın rəhbərliyilə görüşləri, regional gömrük və sərhəd-keçid məntəqələrinə səfərləri də nəzərdə tutulub. Təlimlər təcrübəli müəllimlər - ÜGT-nin, eləcə də Azərbaycan gömrük xidmətinin mütəxəssisləri tərəfindən keçirilir.
Naibə QURBANOVA