Səudiyyə Ərəbistanı indiyədək Ermənistanla məhz onun təcavüzkar siyasətinə görə diplomatik əlaqələr saxlamır. Səudiyyə Ərəbistanın belə bir mövqeyinə görə Azərbaycan tərəfi öz təşəkkürünü bildirir. Əminliklə demək olar ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər daim qarşılıqlı inam, etimad və dəstək ruhunda inkişaf edəcək.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Səudiyyə Ərəbistanının Milli Günü münasibətilə Bakıda təşkil olunmuş rəsmi qəbulda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Mübariz Qurbanlı Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin 1992-ci il fevralın 24-də yaradıldığını xatırladıb: “Ümumilli lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistana səfəri və keçirdiyi görüşlər əlaqələrimizin inkişafında dönüş nöqtəsi oldu, qarşılıqlı əməkdaşlığın təməli qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri, Kral Salman bin Əbdüləziz əs-Səud və digər rəsmilərlə görüşləri ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edib. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sferada 20-yə yaxın sənəd imzalanıb. Səudiyyə şirkətləri Azərbaycanda ticarət, sənaye, xidmət, bank və sığorta sahələrində uğurla fəaliyyət göstərirlər. Səudiyyə Ərəbistanının dövlət və özəl qurumları tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 368 milyon ABŞ dolları həcmində investisiya yatırılıb”.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan Səudiyyə Ərəbistanı ilə energetika, infrastruktur, tikinti, bərpa olunan enerji kənd təsərrüfatı, mehmanxana və turizm sektorlarında əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük önəm verir.
Mübariz Qurbanlı IV İslam Həmrəyliyi Oyunlarında səudiyyəli idmançıların əldə etdiyi nailiyyətlərə də toxunub.
Səudiyyə Ərəbistanının Azərbaycandakı müvəqqəti işlər vəkili Məmduh əl-Cəbru öz növbəsində Səudiyyə Ərəbistanının Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiklərini söyləyib: “Azərbaycanla münasibətlər bizim xarici siyasətimizin önəmli istiqamətlərindən biridir. Qarşılıqlı etimada söykənən münasibətlərimiz yüksək və ali səviyyədəki mütəmadi görüşlərlə daha da möhkəmlənir, nəticədə əməkdaşlığımız üçün mühüm sənədlər imzalanır”.