Böyük və güclü Türkiyə hədəfimizə gedən yolda Azərbaycanı yanımızda görmək bizi son dərəcə məmnun edir. Biz eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarıyıq. Həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.
Fatih Dönməz Türkiyə-Azərbaycan dostluğunun və işbirliyinin rəmzi olan bu hadisənin önəmindən danışaraq iki ölkə arasında qardaşlığın möhkəm bağlara əsaslandığını vurğulayıb. Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyi ilə ölkələrimizin enerji sahəsində əhəmiyyətinin daha da artdığını deyən energetika və təbii sərvətlər naziri “Star” neft emalı zavodunun verəcəyi faydanı qeyd edib. Bu zavodun Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biri olduğunu deyən Fatih Dönməz həyata keçirilən layihələrin Azərbaycanın və Türkiyənin bölgədəki gücünü daha da artıracağını vurğulayıb.
“Türkiyə və Azərbaycan birlikdə XXI əsrin enerji tarixini yazır”, - deyən Fatih Dönməz Azərbaycanın müstəqilliyinin 27-ci ildönümü münasibətilə təbriklərini də çatdırıb.