2 İyul 2020 18:55
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avtomobil bazarında elektromobil, hibrid və ekonom klass avtomobillərə tələbin əhəmiyyətli səviyyədə artacağı gözlənilir”.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Analitikin müşahidələrinə əsasən, hazırda avtomobil bazarında ikinci əl və nisbətən daha aşağı qiymətli avtomobillərə tələbat yüksəlib: “Faktiki olaraq həm biznesin, həm də vətəndaşın gəlirləri azalıb. Bu da öz növbəsində avtomobil bazarında alıcılıq gücünü zəifləməsinə və tələbin həcminin azalmasına gətirib çıxarır. Bu istiqamətdə qiymətin azalmasına müəyyən qədər təsir edən faktorlar var. Amma burada bazarın strukturuna diqqət göstərməyə böyük ehtiyac var. Böyük ehtimalla ikinci əl və xüsusilə də nisbətən daha aşağı qiymətli ekonom klass avtomobillərə tələbat yüksələcək. Müşahidələr göstərir ki, artıq bu cür avtomobillərə tələbat artıb. Çünki faktiki olaraq biznes və xüsusilə də gəlirlərin azalması fonunda maliyyə təsərrüfat fəaliyyətində mövcud olan likvidliyin təmin edilməsi məqsədi ilə öz aktivlərinin müəyyən bir hissəsini bazara təklif edir. Bura nəqliyyat vasitələri də daxildir.

Eyni zamanda burada yanaşma daha lüks kateqoriyaya daxil olan bahalı avtomobillərin satılması və daha aşağı qiymətli ekonom avtomobillərin alınması, bu yolla da müəyyən vəsait qalığının dövriyyəyə cəlb edilməsi də prosesə təsir göstərir. Nəticədə indiki halda ekonom klass avtomobillərə tələbin əhəmiyyətli səviyyədə artacağını müşahidə edəcəyik”.

Rəşad Həsənovun sözlərinə görə, yeni avtomobillərin idxalı ilə bağlı müəyyən çətinliklər müşahidə olunur: “Bu, bazarda lüks kateqoriyalı və sıfır kilometr avtomobillərə olan tələbin azalmasından qaynaqlanır. Hesab edirəm ki, indiki halda həm vətəndaş, həm də biznes öz fəaliyyətini daha çox iqtisadi əsaslarla qurmağa çalışacaqdır. Bir müddət Azərbaycanda rahat gəlirlər fonunda insanlar və biznes daha xərcli, bahalı və mühərrik gücü yüksək olan avtomobillərə maraq göstərirdi. Amma yeni çağırışlar insanların öz həyat fəaliyyətini artıq iqtisadi əsaslara uyğunlaşdırmasına zərurət yaradıb. Buna görə də elektromobil və hibrid avtomobillərə zərurət yaranacaq və bu istiqamətdə tələb artacaqdı. Tələbin artması da qeyd edilən kateqoriyaya daxil olan avtomobillərin qiymətinin artmasına gətirib çıxaracaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər