Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 73,3 milyon ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 34,7% artıb. Valyutaya tələbin artması manatın məzənnəsi niyenidən gündəmə gətirib. Maraqlıdır, dollar bahalaşa bilərmi? Ümumiyyətlə, narahatlığa əsas varmı?
İqtisadçı-ekspert Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, bazarda heç vaxt standart tələb və təklif olmur:
“Müxtəlif amillər bazarda valyutaya tələbi artırıb azalda bilər. Sentyabr ayıdır, bazarda məktəb ləvazimatlarının alınması istiqamətində istehlak xərcləri çoxalıb. Ola bilsin, nisbətən iri bazar oyunçularının idxal etdiyi məhsullar üçün xarici şirkətlərə ödəniş vaxtıdır. Yaxud bankların əlində likvid manatın həcminin çox olması ilə bağlı bu istiqamətdə qərar qəbul edilib. Bir sözlə, valyutaya tələbin artması bu kimi müxtəlif səbəblərdən qaynaqlana bilər”.
İqtisadçının qənaətincə, bir gün ərzində tələbin artması bazarda devalvasiya riski yaratmır: “Hətta bir gündən söhbət getmir. Məsələ ondadır ki, Azərbaycanda manatın məzənnəsinə təsir göstərən daxili tələbin artması ehtimalından çox xarici fruktasiyalar var. Çünki ölkəmizdə tələbin artması imkanları məhduddur. 2015-ci illə müqayisədə ölkədə biznes, maliyyə sektoru dollar ifadəsində yoxsullaşıb. Büdcə xərcləmələrini müqayisə etsək, əvvəlki dövrlə dollarla ifadədə az qala iki dəfəyə yaxın fərq var.
Buna görə də daxili tələblə yaranan risklər qısamüddətli şoklar yarada bilər. Bu da bazara müəyyən qədər valyutanı injektə etməklə qarşısı alına bilən risklərdir”.
Rəşad Həsənov hesab edir ki, hərracda valyutaya tələbin artması devalvasiya əlaməti sayıla bilməz: “Əsas məsələ ticarət saldosudur, tədiyyə balansının kəsiridir və bu istiqamətdə yaranmış konyukturu formalaşdıran neftin qiymətidir. İndiki halda neftin qiyməti 40 dollar ətrafında dəyişir. Bu, faktiki olaraq bazarda ciddi psixoloji təzyiq formalaşdıran və ya hansısa formada tədiyyə balansı kəsirinin proqnozdan qat-qat artıq olması və nəticədə risklərin yaranması kimi stuasiyaya dəlalət etmir. 2020-ci il üçün neftin orta qiyməti 40-45 dollar ətrafında olacağı ilə bağlı beynəlxalq enerji agentliklərinin və maliyyə qurumlarının proqnozları var. Buna görə də düşünmürəm ki, bugünkü hərracda baş verən proses devalvasiyanın işartısıdır”.
Analitik bir neçə gün əvvəl hökumətin 2021-ci il üçün dövlət büdcəsinin müəyyən makroparametrlərini açıqladığını deyib:
“Həmin parametrlər üzrə də manatın məzənnəsinin hələ 1.70 ətrafında olacağı proqnozlaşdırılır. Qısamüddətli dövr ərzində bazarda məzənnəni ciddi şəkildə risk altına alan hər hansı hadisə baş verməyib. İndiki halda bu, hər hansı həyəcana səbəb olacaq vəziyyət deyil. Ümumiyyətlə, sosial faktorları nəzərə almaqla hökumət ən azı 2020-ci il üçün məzənnə dəyişikliyinə şərait yaratmayacaq”.