21 Sentyabr 2020 15:16
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

“OPEC-ə üzv və qeyri-üzv dövlətlərin “Əməkdaşlıq Bəyannamə”si çərçivəsində may ayından bu günə kimi qlobal neft bazarlarında tələb-təklif tarazlığının qorunub saxlanmasına sərf olunan cəhdlər qismən qənaətbəxş hesab edilməlidir”.

Bunu Teleqraf.com-a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Onun fikrincə, may ayından başlayaraq müttəfiq dövlətlərin kəsintilərlə bağlı bazara intervensiyaları qlobal neft bazarlarının böhrana düşməsinin qarşısını alıb:

“Qarşıdakı aylarda bu tendensiya davam edəcək. Çünki həm OPEC Birgə Monitorinq Komitəsinin, həm də Müştərək Texniki Komissiyasının toplantısında ümumi qərar bundan ibarət oldu ki, 2022-ci ilin aprel ayının sonuna kimi qlobal neft bazarları daim nəzarət altında saxlanılacaq. Təbii ki, iştirakçı ölkələrin öhdəlik məsələləri də gündəlikdə olacaq. Son toplantıda Müştərək Texniki Komissiyanın təqdim etdiyi hesabat əsasında Birgə Monitorinq Komitəsi belə bir qərara gəldi ki, bazarlar növbəti aya kimi nəzarət altında saxlanılacaq.

Eyni zamanda müxtəlif nəzarətedici qurumların hesabatı əsasında öhdəlik sazişinin icrasının 100 faiz əməl edilməsinə nail olacaqlar”.

Ekspert bildirib ki, OPEC-in “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulan kartelə üzv və qeyri-üz ölkələr neft hasilatı kvotaları üzrə hasilat tabanından kənara çıxıblar: “Yəni həddən artıq neft hasilatına yol veriblər. May-avqust aylarında iştirakçı ölkələr taban həddindən əlavə gündəlik 2,3 milyon barel neft hasil edib. Bunun 1 milyon 600 min bareli OPEC üzvlərinə aid olub, 700 min bareli də qeyri-OPEC ölkələrin payına düşüb. Əsasən Qazaxıstan, Nigeriya, İraq, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər dövlətləri misal çəkmək olar.

Birgə Monitorinq Komitəsinin belə bir qərarı oldu ki, taban həddindən artıq hasilata yol vermiş alyans iştirakçıları dekabrın sonuna kimi kəsintilərlə bağlı əlavə kompensasiya öhdəliklərini yerinə yetirməlidirlər. Birgə Monitorinq Komitəsi oxşar qərarı avqust-sentyabr aylarında da qəbul etmişdi. Taban həddindən artıq hasilata yol vermiş iştirakçı ölkələr kompensasiya endirimlərinə getməli idilər, lakin bu, mümkün olmadı. OPEC-in son toplantısında belə qərar qəbul etdilər ki, kompensasiya endirimləri dekabrın sonuna kimi davam etsin”.

Analitik qeyd edib ki, qarşıdakı aylarda OPEC və müttəfiq dövlətlər həm gündəlik hasilat həcmlərinə, həm də ixrac həcmlərinə çox diqqətlə yanaşmalıdır: “Çünki hələ də bazarı təhdid altına alan faktorlar mövcuddur. Bu gün həm Asiya, həm Avropa, həm də Amerika bazarlarında tələbatdan artıq neft həcmləri mövcuddur.

Dünyanın bütün enerji bazarlarında dayanaq tapmış neft emalı zavodlarının (NEZ) xammalla yüklənməsi aşağı səviyyədədir. Bu, pandemiyanın doğurduğu fəsadlarla bağlıdır. Ötən ilin analoji dövrü ilə müqayisədə həm istehlak olunan dizelin, həm reaktiv, həm də avtomobil yanacağının istehlak faizi aşağı səviyyədədir. Artıq yay mövsümü başa çatıb, qlobal sərnişin aktivliyi, eyni zamanda işgüzar və istehsal aktivliyi aşağı səviyyədədir. NEZ-ın xammalla yüklənməsi aşağı səviyyədə olduğuna görə OPEC və müttəfiq dövlətlər ilk növbədə həm gündəlik hasilat, həm də ixrac həcmlərini diqqətə almalıdırlar”.

Ekspertin sözlərinə görə, bazarda qiyməti gündəlik hasilat həcmləri yox, ixrac həcmləri müəyyən edir: “Beynəlxalq Enerji Agentliyinin son məlumatlarına görə, BƏƏ avqust ayında taban həddindən əlavə gündəlik 520 min bareldən yuxarı hasilat həcmlərinə yol verib. BƏƏ-nin enerji naziri bəyan etdi ki, oktyabr-noyabrda əvvəlki aylarla müqayisədə ixrac həcmi 25-30 faiz azalıb.

Amma Səudiyyə Ərəbistanın neft naziri bəyan etdi ki, istilik elektrik stansiyalarında payız mövsümünün daxil olması ilə bağlı əlavə neft həcmlərinə ehtiyac yaranmayıb. Çünki iyul-avqust aylarında Səudiyyə Ərəbistanındakı istilik elektrik stansiyalarının gündəlik xam neftdən istifadəsi 645 min bareldən yuxarı idi. Səudiyyə enerji naziri bəyan etdi ki, qarşıdakı aylarda ixrac həcmlərini artıracaq. Bu onu deməyə əsas verir ki, bazarda əlavə neft həcmləri mövcud olacaq. Bütün bu məsələləri aradan qaldırmaq üçün bazar təhlil olunmalıdır.

Analoji fikri İraqla bağlı da demək olar, çünki bu ölkə ixrac həcmlərini nizamlaya bilmir. Çalışmaq lazımdır ki, ixrac həcmləri ciddi nəzarət altına alınsın.

Bazarda qiyməti gündəlik hasilat həcmləri yox, ixrac həcmləri müəyyən edir. Çünki gündəlik hasilat həcmlərinin bir hissəsi daxili tələbata, böyük bir hissəsi isə ixraca yönəlib. Qlobal neft bazarlarında tələb-təklif tarazlığının məhz ixrac həcmləri müəyyən edir”.

Maraqlıdır, OPEC-in kəsintilərlə bağlı razılaşmasına əməl etməyən ölkələrə qarşı niyə sərt tədbirlər görülmür?

Zəfər Vəliyev deyir ki, çox ciddi tədbirlərin görülməsi məqsəduyğun deyil: “Son illər ərzində OPEC və müttəfiq dövlətlər, ümumən neft sənayesi çox böhranlı bir vəziyyətdədir. Çünki ənənəvi karbohidrogen ehtiyatları ilə paralel artıq dünyanın bir çox ölkələrində bərpaolunan enerji mənbələrinə keçidlə bağlı dövlət proqramları qəbul edilib.

Bu günlərdə 2050-ci ilə kimi dünyanın enerji bazarlarının ümumi inkişafı ilə bağlı BP öz yol xəritəsini elan etdi. Bu ssenariyə istinad etsək görərik ki, qarşıdakı illərdə neftə olan tələbat aşağı düşəcək və o öz yerini bərpaolunan enerji mənbələrinə verəcək. Belə bir həssas məqamda neftin əvvəlki nüfuzunu qoruyub saxlamaq üçün OPEC və müttəfiq dövlətlər konsersumu gəlməlidir və qarşılıqlı güzəştlərə getməlidirlər. Bu olmasa, çox qısa müddətdə qlobal neft böhranı yenidən dərinləşəcək. Bu baxımdan hesab edirəm ki, indiki formatı nəyin bahasına olur-olsun qoruyub saxlamaq lazımdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər